DİN-dən Bakı metrosunda tutulan belorusla bağlı AÇIQLAMA
28.03.2016 16:11 Sosreaksiya 935
“Martın 25-də havalandırma sisteminin borusu vasitəsilə Bakı Metropoliteninin ərazisinə daxil olmaq istəyən Belarus vətəndaşı ilə bağlı əsas diqqətçəkən məqamlardan biri iki ölkənin müvafiq dövlət qurumlarının saxlanılan şəxs barəsində operativ şəkildə biri-birini məlumatlandırması və bu işdə fəal əməkdaşlıq etməsi olub”.
Bunu APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Sadiq Gözəlov deyib. Hazırda fakt üzrə araşdırmaların davam etdirildiyini qeyd edən S. Gözəlov cinayətkarlıqla mübarizə sahəsində istər çoxtərəfli, istərsə də ikitərəfli formatda ölkəmizin bir sıra dövlətlərin, o cümlədən Belarus Respublikasının aidiyyəti orqanları ilə fəal, səmərəli və işgüzar əlaqələrinin mövcudluğunu xatırladıb, adıçəkilən şəxs barəsində müvafiq tədbirlərin hər iki ölkənin Daxili İşlər nazirlikləri arasında imzalanmış əməkdaşlığa dair sazişin tələblərinə uyğun olaraq həyata keçirildiyini diqqətə çatdırıb.
Qeyd edək ki, martın 25-də Bakı Metropoliteninin havalandırma sisteminin borusu ilə həmin obyektə keçmək üçün orada olan dəmir barmaqlıqları xüsusi alətlə kəsmək istəyən Belarus vətəndaşı İlyevskiy Sergey Timofeyeviç saxlanılıb. Hadisə yerindən metroda istifadə edilən bir ədəd qapı açarı, əlcək, alın fənəri, müxtəlif uzunluqda iki kəndir, 10 ədəd boya balonu, 12 ədəd rəng püskürən balon başlığı, «Nikon» markalı dayağı olan fotoaparat, başa bərkitmə mexanizmli «Sony» markalı videokamera götürülüb. S.İlyevskinin üzərinə baxış nəticəsində onun Tiflis və İrəvanın metro stansiyalarında və depolarında çəkdiyi şəkillər, bu obyektlərin, eləcə də Bakı Metropoliteninin sxemi, mobil telefon və pul aşkarlanıb.
S.İlyevskinin 2016-cı il mart ayının 18-də Belarusdan Gürcüstana, iki gün sonra Gürcüstandan Ermənistana getməsi, mart ayının 23-də yenidən Gürcüstana qayıdaraq oradan Azərbaycana gəlməsi müəyyənləşib.
Şərhlər