FHN-dən uşaqları su hövzələrində gözləyən təhlükələrlə bağlı xəbərdarlıq - FOTOLAR

07.07.2015 13:49     Sosreaksiya     2044

Bəzən valideynlər su hövzələrində istirahət edərkən uşaqları üçün real təhlükə mənbəyi yaradırlar. Ona görə də övladlarının taleyinə biganə olmayan valideynlər daha diqqətli olmalıdırlar.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sularda Xilasetmə Xidmətinin (DSXX) Təbliğat və təşkilat sektorunun müdiri Mansur Piriyev deyib.

Sektor müdirinin sözlərinə görə, bu günlərdə məktəblərin, təhsil ocaqlarının yay tətilində olmasını fürsət bilən azyaşlılar, valideynləri ilə və ya təkbaşına, dostlarla kütləvi şəkildə çimərliyə, bəzən də çimmək üçün qadağan olunmuş su hövzələrinə üz tuturlar: "Bu zaman başı müxtəlif oyunlara qarışan uşaqlar bədbəxt hadisə ilə üzləşməli olurlar. Onların əksəriyyəti çimərliyə üzməyə yox oynamağa, qaçmağa, vaxtını maraqlı keçirməyə gəlirlər. Məsələn futbol, voleybol oynayırlar. Bəzən də dənizin içərisində voleybol oynayırlar. Əslində, ilk baxışdan burada təhlükəli bir şey görünmür. Amma bəzən hər şey topun dənizin dərinliklərinə, sahildən uzağa getməsi ilə başlayır. Topu gətirmək üçün üzə bilməyən bir uşağın topun arxasınca suyun dərinliklərinə doğru getməsi isə artıq bədbəxt hadisənin başlanğıcı sayıla bilər. Nəzərə alsaq ki, uşaq dənizə dostları ilə və ya tək gəlib, onda demək olar ki, bədbəxt hadisəyə artıq zəmin hazırlanıb”.

M.Piriyev qeyd edib ki, təəssüf ki, valideynləri ilə gələn uşaqlar da bu cür səhvə yol verəndə əksər hallarda nəticə dəyişmir: “Çunki həmin vaxt əksər valideynlərin bundan heç xəbəri olmur. Ona görə ki, onlar gətirdiyi yemək-içməklə uşağın qarnını doyurandan sonra işini bitmiş hesab edir və başları istirahətlərinə qarışır. Bu isə valideynlər tərəfindən real təhlükə mənbəyinin yaradılmasından başqa bir şey deyil”.

Mansur Piriyev deyib ki, araşdırmalar göstərir ki, ölkədə çimmək üçün qadağan olunmuş su hövzələrində boğulma hadisələri əsasən aşağıdakı hallarda baş verir:

- Məktəblilər şəhər və rayon yerlərində evdən xəbərsiz dənizə, kanala, çaya, gölə çimməyə gedirlər.

- Şəhərdən və ya kənddən qonaq gələn gənclər, yeniyetmələr tanımadıqları su hövzələrinə sərinləmək üçün girirlər.

- Çimərlikdə və ya çimmək üçün qadağan olunan dəniz sahilində, kanal, göl sahilində yeyib-içən insan sərxoş vəziyyətdə elə həmin ərazidə çimmək istəyir.

- Su hövzəsi ətrafında yerləşən kənddən, qəsəbədən bir neçə uşaq nəzarətsiz halda, bəzən də onları heç kim görməsin deyə heç kimin olmadığı qadağan olunmuş ərazidə çimməyə çalışır.

- Çimərliyə gələn şəxs dəfələrlə xilasedicilərin onlara xəbərdarlıq etməsinə baxmayaraq, uzağa üzür, qadağan lövhələrinin tələblərinə əməl etmir və.s.

Sektor müdiri su hövzələrində bədbəxt hadisələrə gətirib çıxaran digər səbəbləri də açıqlayıb: “Bu cür hadisələrin əsas səbəbi təhlükəsizlik və davranış qaydalarına əməl olunmaması ilə yanaşı, valideynlərin məsuliyyətsizliyi nəticəsində uşaqların nəzarətsiz qalması ilə də bağlıdır. Hadisələrin digər səbəbləri isə çimmək üçün qadağan olunan dəniz sahili, çaylar, göllər, kanallar və digər sututar yerlərin yerli icra strukturları - yerli icra nümayəndələri, bələdiyyələr, yerli polis orqanları və s. tərəfindən nəzarətsiz buraxılması, insanlar arasında maarifləndirmə işləriinin aparılmaması, həmin ərazidə qadağan lövhələrinin quraşdırılmaması ilə bağlıdır. Ümumiyyətlə, istirahətə yollanan hər bir şəxs təhlükəsizlik qaydalarını öyrənməli, “harada və necə çimmək olar?” sualına cavab tapdıqdan sonra su hövzələrində istirahətə yollanmalıdır”.

Şərhlər

Çox oxunanlar