Ali Məhkəmədən borcluların xeyrinə möhtəşəm qərar

30.03.2016 12:28     Sosreaksiya     1391

Ali Məhkəmədən borcluların xeyrinə möhtəşəm qərar.

Reaksiya.info Qaynar.info-ya istinadən xəbər verir ki, bu barədə məlumatı bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov yazıb.

Həmin statusu olduğu kimi təqdim edirik:

"Dərc etdiyim qərar borcluların bir sıra problemini həll edə bilər: həm birbaşa, həm də dolayısı. Birbaşa: borclu vəfat edibsə, ipoteka müqaviləsi və zaminlik müqaviləsinə xitam verilir (yəni əmlak girovdan azad olur, zamin də zaminlikdən). Dolayısı: devalvasiya şəraitin əhəmiyyətli dərəcədə dəyişməsidir, buna görə də borclu krediti əvvəlki məzənnə ilə qaytara bilər.

qısa mahiyyəti belədir. Vətəndaşın (borclunun) lizinq şirkətinə borcu var. Həmin borc başqa vətəndaşın (ipoteka qoyanın) mənzilinin ipotekası ilə təmin olunub. Borclu vəfat edib (özünü asıb). İpoteka qoyan məhkəməyə müraciət edib ki, borclu vəfat etdiyi üçün mənzili ipotekadan azad edilsin. Binəqədi rayon məhkəməsi, Bakı Apellyasiya Məhkəməsi və nəhayət Ali Məhkəmə ardıcıl olaraq ipoteka qoyanın xeyrinə qərar çıxararaq onun mənzilini ipotekadan azad ediblər.

Məhkəmələr qərarlarını Mülki Məcəllənin 422-ci maddəsi (“Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsi və ləğv edilməsi”) ilə əsaslandırıb. Belə ki, məhkəmələr borclunun vəfatını ipoteka qoyan üçün gözlənilməz (əvvəlcədən görə bilməyib bunu) və buna görə də şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirib. Bu əsasla da vətəndaşın mənzili ipotekadan azad edilib.

Qeyd etdiyim kimi, bu qərardan birbaşa yararlanmaq olar. Belə ki, bütün hallarda borclu vəfat edibsə, ipoteka müqaviləsi və zaminlik müqaviləsinə xitam verilməlidir. Yəni kim əmlakını sonradan ölmüş vətəndaşın kreditinə görə girov qoyubsa, girovunun azad edilməsini tələb edə bilər. Kim sonradan ölmüş vətəndaşın kreditinə görə zamin durubsa, zaminlikdən azad olunmasını tələb edə bilər.

Bu qərardan dolayısı ilə də yararlanmaq olar. Belə ki, məhkəmələrin istinad etdiyi Mülki Məcəllənin 422-maddəsində deyilir: “Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar”. Məlumdur ki, ölüm haqdır, hamı onu dadacaq. Bununla belə, məhkəmələr hesab edib ki, ipoteka qoyan borclunun öləcəyini ağlabatan şəkildə əvvəlcədən görə bilsəydi, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdı. Əgər mütləq olacaq ölüm şəraitin əhəmiyyətli dəyişməsidirsə, təbii, olub-olmayacağı bilinməyən ikiqat devalvasiya da şəraitin əhəmiyyətli dəyişməsidir və müqavilə şərtlərinin dəyişdirilməsi (məsələn, kreditin əvvəlki məzənnə ilə qaytarılması) üçün əsasdır.

Buna görə də bütün hüquqşünas həmkarlarıma, habelə bütün borclulara Ali Məhkəmə başda olmaqla məhkəmə sistemimizin yaratdığı presedentdən istifadə etməyi tövsiyə edirəm".

Şərhlər

Çox oxunanlar