Rasim Əliyevin ölümündə təqsirləndirilənlərin - son sözü
31.03.2016 17:44 Sosreaksiya 807
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevin qətli ilə bağlı təqsirləndirilən Elşən İsmayılov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
“Qafqazinfo”nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərdən Elşən İsmayılov, Samir Mustafayev və Camal Məmmədov son söz deyib.
Camal Məmmədov bildirib ki, istintaq və məhkəmə düzgün aparılmayıb: "Dövlət ittihamçısı özünü həkimlərin vəkili kimi aparır. Bizim günahımız var, amma xuliqanlıq etmişik, adam öldürməmişik. Cənab hakim, mən sizi başa düşürəm, bilirəm ki, burada sizlik heç nə yoxdur. Danışdıqca ürəyim partdayır. Xahiş edirəm, ədalətli qərar verin".
Samir Mustafayev deyib ki, onun tək etdiyi şey Pərvizin zəngindən sonra Kənangilə yeri göstərmək olub: "Özümü təqsirli bilmirəm. Burdakılardan da heç birini əvvəldən tanımamışam. Davada da Rasimə yaxınlaşıb əl verib yerdən qaldırmışam. Hamısı da videoda var. Əgər, video olmasaydı, yəqin bizi güllələyərdilər".
Elşən İsmayılov isə çıxışında deyib ki, onlar Rasimi yox, Rasim onları bədbəxt edib: "Mənim pulqabını götürməyim sübuta yetirilməyib. Mən adam öldürmək istəsəydim, başımda maska, əlimdə bıçaq, ya silahla gecə gedərdim. Mənim günahım dava etməkdir, adam öldürmək yox. Rasim bizi tora salıb kamera altına çağırdı. Bizi çayxanaya çağırsaydı, belə olmazdı. Biz Rasimi yox, Rasim bizi bədbəxt edib. Müstəntiq bizə dedi sevinin ki, cibinizdən narkotik çıxmayıb. Rasimin anası bizə gülürdü, o da Allah məhkəməsi qarşısında cavab verəcək. Etdiklərimə görə peşmanam".
Məhkəmə kollegiyası hökm elan etmək üçün müşavirəyə çıxıb. Prosez sabah davam etdiriləcək.
Qeyd edək ki, ötən iclasda Kənan Mədətov çıxış edərək peşman olmadığını deyib: "Heç nəyə görə peşman deyiləm, çünki heç nə etməmişəm".
Arif Əliyev isə ədalətli qərar verilməsini istəyib: "Ailə vəziyyətimi nəzərə alın".
Dövlət ittihamçısı Elşən İsmayılovun 14 il, Arif Əliyevin 14 il, Camal Məmmədovun 12 il, Samir Mustafayevin 11 il 6 ay, Kənan Mədətovun 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Şərhlər