Neftimizi çıxaran şirkətlərin «məxfi» fəaliyyəti…

01.04.2016 10:23     Sosreaksiya     777

Hasilatçı şirkətlər cəmiyyətə informasiya vermir, başda isə «bp Azərbaycan» gəlir.
 
NMHT: Mədən əraziləri bəzi hallarda sənaye-məişət tullatıları poliqonuna çevrilir

 

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyi təbii ehtiyatlarla zəngin ölkələrdə resurs hasilatı problemləri ilə bağlı hesabat hazırlayıb. Təşkilat ekspertləri tərəfindən tövsiyələr hazırlanarkən Gürcüstan, Qırğızıstan, Monqolustan  və s. ölkələrin analoji təcrübəsindən istifadə olunub. Hesabatda Azərbaycanla bağlı hissəsində qeyd olunur ki, mədən sənayesindən daxilolmalara dair məlumatların əldə edilməsi, açıqlanması məsələlərini tənzim edən birbaşa norma olmasa da, bir sıra normativ-hüquqi aktlar mövcuddur. 
 
MHŞT üzrə təşəbbüsə qoşulan və uzun müddət bu təşəbbüs üzrə lider mövqedə olan Azərbaycan sonradan təşəbbüsü əldən verdi. Bu ilk növbədə onunla bağlıdır ki, Azərbaycan zəruri olan yenilikləri qəbul etmədi. Aqreqat hesabatlılıqdan fərdi hesabatlılığa keçidin bu qədər ləngiməsinin heç bir əsası yox idi.
 
Hesabata görə, Hasilatın Pay Bölgüsü Sazişləri (HPBS) çərçivələrində hər bir şirkət Azərbaycan tərəfi ilə müqavilə imzalayarkən öhdəlik götürür və bu öhdəliklər kommersiya sirri daşımır. 2013-cü ilin yekunlarına əsasən, Azərbaycanda hasilatla 1 dövlət şirkəti, 1 birgə müəssisə və 14 əməliyyat şirkəti (HPBS çərçivəsində) məşğul olub".
 
Hansı hasilatçı şirkətlərin saytı var?
 
NHMT-nın ekspertlərinin araşdırmasına görə, Azərbaycan cari ildə ilk HPBS-nin imzalanmasının 20 illiyini qeyd etməyə hazırlaşır, amma layihənin operatoru olan "bp Azərbaycan"dakı layihələri üzrə bir sayt belə yaratmayıb: "Hələ də onları özünün Londondakı baş ofisinin nəzdində olan sayt üzərindən idarə edir. Qeyd edirlər ki, bu korporativ etiketdən irəli gəlir. Ancaq bir şey var ki, Xəzərin sağ sahilində bu layihələrdən maştabına görə heç də geri qalmayan Tengiz, Karaçaqanak və Kaşağan layihələrinin operatorları da ilk onluqda olan Qərb şirkətləridir və hər bir layihənin ayrıca saytları mövcuddur.
 
Növbəti resurs, SOCAR-ındır. Bu, kifayət qədər informasiya ilə doldurulmuş və demək olar ki, ölkədə neft və qaz sahəsində yeganə işlək rəsmi internet resursdur. www.socar.az alexa.com reytinq agentliyinin göstəricilərinə görə, Azərbaycandan baxılan saytlar sırasında ilk 100-lükdədir. Ancaq SOCAR-ın saytının populyarlığını heç də oradakı informasiyalara cəmiyyət tərəfindən hədsiz marağın olması ilə əlaqələndirmək də düzgün olmazdı.
 
Belə ki, http://careers.socar.az/VacancyList səhifəsində "Karyera" bölümündə SOCAR-a işə qəbulla bağlı müraciətlər və "Vakansiyalar" haqda məlumatlar var. Və hər gün bu bölümə yüzlərlə insan müraciət edir. Çünki SOCAR-a işə qəbul artıq yalnız elektron ərizə vasitəsilə sayt üzərindən həyata keçirilir.
 
Növbəti monitorinq zamanı Salyan Oil and Gas Company adı altında şirkətin (http://www.salyanoilgas.com/) resursuna rast gəldik. Sayt ingilis və rus dilində hazırlanıb və hər iki dildə çoxlu səhvlər var. Burada olan məlumatlar sonuncu dəfə 2011-ci ildə yenilənib və heç bir yerdə "Kürsəngi" və "Qarabağlı" yataqlarına aid material yoxdur. 
 
Azərbaycanda neft hasilatı ilə məşğul olan məşhur bir offşor şirkət var: Global Energy. Bu şirkətin nə özünün, nə də əməliyyat şirkətlərinin saytları mövcuddur.
 
Ümumiyyətlə,  2014-cü ilin martın ortasına qədər Azərbaycanda hasilatla məşğul olan 15 hüquqi şəxsdən yalnız 4-nün saytları mövcud olub". 
 
Neçə şirkət 2013-cü ilin yekunlarına dair  məlumatlar dərc edib?
 
Hesabatda qeyd olunur ki, 2 neft şirkətindən başqa heç biri ictimaiyyətə hesabatını təqdim etmir. Bunlar bp və SOCAR-dır. Həmin hesabatlarda isə natamamlıq mövcuddur: "Yerdə qalan 13 hasilat şirkətinə diqqət yetirsək, monitorinqlərimiz nəticəsində məlum oldu ki, heç bir şirkət özünün hasilatına dair məlumatı ictimaiyyətə açıqlamayıb. Yeganə kiçik bir məlumat UGE şirkətinin saytında var". 
 
Aparılan monitorinqlərdən gələn nəticəyə görə, hasilat sənayesinin bütün mərhələlərində görülən işlər (kəşfiyyat, qazma, hasilat, saxlanma, nəql) ətraf mühitin təbii ekoloji sisteminin pozulması ilə müşayiət olunur. 
 
Hesabatda göstərilir: "Geoloji kəşfiyyat və neft istehsalı ilə əlaqədar işlər həyata keçirilərkən təbii mühitə, sulara, torpaq qatına, qruntlara və yerin təkinə müəyyən mənfi təsirlərin olması qaçılmazdır.
Monitorinq aparılan ərazilərdə neft hasilatına keçən əsrin 50-60-cı illərindən başlanmışdır. Neft  dərinlik  nasosları vasitəsi ilə hasil olunur. Ötən illər ərzində neft mədənləri, neftin saxlandığı ərazilər, neftin nəql edildiyi neft kəmərlərinin əraziləri həddindən artıq çirklənib, yüzlərlə hektar torpaq sahələri sıradan çıxıb. Lakin bu sahələrdə artıq neft hasilatının son mərhələsidir və yaxın illərdə neft mədənlərinin bağlanacağı təqdirdə bu torpaqların təmizlənməsi, yenidən yararlı hala gətirilməsi üçün külli miqdarda vəsaitlər tələb olunacaq. Neft şirkətləri bu gün qısa müddətə daha çox neft hasil edərək daha çox gəlir götürməkdə maraqlıdır və müşahidələr göstərir ki, neft şirkətləri bu gün bu işlər üçün vəsait ayırmağa o qədər də həvəsli deyildir. Bunun nəticəsidir ki, hal-hazırda istifadədən çıxmış, ləğv olunmuş quyu ətrafı ərazilərdə torpaqların bərpa edilməsi işləri aparılmır. Əvvəlki illərdən fərqli olaraq quyuətrafı torpaqların neftlə çirklənmə səviyyəsinin azaldılması üçün müəyyən tədbirlər həyata keçirilsə də, gözlənilən nəticələrin əldə edilməsi mümkün olmayıb. Bəzi hallarda quyuətrafı çirklənmələri təmizləmək əvəzinə buldozerlər vasitəsi ilə üstü torpaqla örtülür və bu yolla torpaqların çiklənməsi gizlədilir. Neftlə bərabər çıxarılan lay sularının utilizasiyası, qızdırma zamanı suyun neftdən ayrılması, suların onların yenidən suvurucu quyulara vurulması işləri lazımi səviyyədə aparılmamasına görə neft və mazut gölməçələri qalmaqdadır. Lay suları suvurucu quyulara (lay təzyiqini saxlamaq üçün) radioaktiv çirklənmələrdən təmizlənəndən vurulur. Müşahidələr zamanı aşkar edilib ki, Kür çayının sahil boyu ərazisində yerləşən quyularda neft hasilatını artırmaq, yeraltı avadanlıqları koroziyadan qorumaq üçün vurulan reagentlər qrunt suları vasitəsi ilə Kür çayına düşə bilir. Quyulara buraxılan boruların  təzyiqdən və sürtünmədən tez-tez deşilməsi bunu deməyə əsas verir. Şirkətlərin istismar etdiyi neft mədənləri ərazisində neftlə çirklənmiş açıq neft anbarları mövcuddur. Şirkət tərəfindən bunun təmizlənməsinə maraq göstərilmir. Hasilat zamanı boru arxasında yaranan səmt qazları havaya buraxılır ki, bu da havanın çirklənməsinə səbəb olur. Bu qazların çox hissəsi birbaşa istilik effekti yaradan metan qazıdır. Nəzarətin kifayət qədər olmamasına görə, mədən əraziləri bəzi hallarda sənaye-məişət tullatıları poliqonuna çevrilir".
 
NHMT-i son olaraq hökumətə öz təkliflərini və tövsiyyələrini təqdim edib.
 
 
(Bizimyol.info)

Şərhlər

Çox oxunanlar