Faiq Ağayevi aldatdılar - Dələduzlar iş başında
01.04.2016 12:02 Sosreaksiya 802
Xalq artisti Faiq Ağayev də kontur dələduzlarının qurbanı olub.
Reaksiya.info Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ağayev sosial şəbəkədə məlumat yayıb. O, əhaliyə müraciət edərək kontur dələduzlarına qarşı diqqətli olmağı xahiş edib:
"Yeni fırıldaq növü yaranıb. Siz də mənim kimi aldanmayın. Az öncə telefonuma 050-856-92-75 nömrəsindən zəng edən şəxs, guya, səhvən balansıma pul yüklədiyini söylədi. Baxdım ki, doğrudan da telefonuma bu barədə SMS gəlib. Özünü Elvin kimi təqdim edən həmin şəxs rica etdi ki, məbləği geri göndərim. Heç bir hiylə hiss etmədən, elə də etdim. Sən demə, hesabıma yüklənməsi haqda gələn SMS-i göndərən mobil operator deyilmiş, elə o adamın özü imiş. Ehtiyatlı olun, əzizlərim. Camaatın qəlb təmizliyindən haramcasına istifadə edən belə oğrulara, cibgirlərə, şərəfsiz müftəxorlara inanmayın".
Qeyd edək ki, dünən "Qafqazinfo"ya sözügedən nömrə ilə bağlı müraciət olunmuşdu. Eyni nömrənin sahibi başqa bir vətəndaşa qarşı da bu dələduzluq üsulundan istifadə etmişdi. Ötən gün həmin nömrəyə zəng vursaq da, telefon söndürülmüşdü.
Maraqlıdır ki, Daxili İşlər Nazirliyi son günlərdə dəb halına çevrilən dələduzluqla bağlı heç bir məlumat yaymayıb.
Şərhlər