Bu il Həcc ziyarəti biraz daha bahalaşdı - Sənəd qəbulu başlandı
01.04.2016 13:34 Sosreaksiya 721
Azərbaycandan bu il həcc ziyarətinə gedəcək zəvvarlar üçün ziyarət xərcləri ötənilki qiymətlərlə müqayisədə manat ekvivalentində təxminən 500 və 1000 manat baha başa gələcək.
Reaksiya.info APA-ya istinadən xəbər verir ki, Azərbaycanda bu gündən etibarən həcc ziyarətinə sənəd qəbulu başlayır.
Ölkədə həcc ilə bağlı sənəd qəbulu yalnız Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən aparılır. Zəvvarlardan xarici pasport, qeydiyyatda olduğu ərazi poliklinikasından sağlamlıq haqqında arayış və 4x6 sm 4 ədəd fotoşəkil tələb olunur. Vizalar QMİ tərəfindən Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfirliyindən alınacaq.
Ziyarət xərclərinin ABŞ dolları ilə hesablanması ilə əlaqədar, dolların ötən ilin eyni dövründəki məzənnəsi ilə hazırkı məzənnəsi arasında baş verən dəyişiklik nəticəsində, zəvvarlar daha artıq xərc çəkməli olacaqlar.
Belə ki, builki VİP ziyarətin xərci 4500 dollardır və bu, indiki məzənnə ilə təxminən 7000 manat edir. Otənilki VİP ziyarət xərci isə 5750 dollar olmasına baxmayaraq, həmin dövrün məzənnəsi ilə (1 USD - 1,05-1,07 AZN) təxminən 6000 manat edirdi. Bu il daha az komfortlu mehmanxanalarda qalmağı nəzərdə tutan ziyarətin xərci 3500 dollardır və bu, indiki məzənnə ilə təxminən 5500 manat edir. Ötən il eyni şərtlərlə ziyarətin xərci isə 4700 dollar idi və bu, müvafiq məzənnə ilə təxminən 5000 manat edirdi.
Şərhlər