“Elçibəy deyirdi ki...” – Novella Cəfəroğlunun “Şəxsi iş”ində erməni izi - VİDEO - FOTOLAR

01.04.2016 19:23     Sosreaksiya     1719

Cəmiyyətdə qadın hüquqlarının müdafiəsində, ilk dəfə yüngül cinayət törətmiş bəzi məhbusların əfv edilərək azadlığa buraxılmaları, habelə digər sosial məsələlərin həlli istiqamətindəki çalışmalarda onu çoxlarından bir addım öndə görürük. Söhbət Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Mərkəzinin sədri Novella Cəfəroğludan gedir. Novella xanım sadaladığımız məsələlərin, eləcə də digər sahələr üzrə çalışmaların tam mərkəzində olan hüquq müdafiəçilərindəndir.

 

Publika.az-ın “Şəxsi iş” rubrikasının qonağı olan mərkəz rəhbəri şəxsi həyatı ilə bağlı məqamlardan söhbət açdı.

 

Dosye: Novella Cəfəroğlu 1941-ci ilin martında Naxçıvan şəhərində dünyaya göz açıb. 1958-ci ildə orta məktəbi bitirərək ADU-nun Kimya fakültəsinə daxil olub. 1963-cü ildə təhsilini başa vuraraq, Mərkəzi Regional Analitik Laboratoriyada kimyaçı mühəndis vəzifəsində işləməyə başlayıb. Sonrakı illərdə Cənub Geoloji ekspedisiyasında, Baş Geoloji idarədə, Əlvan Metallurgiya Elmi-tədqiqat laboratoriyasında, Balakəndə laboratoriya müdiri, Əlvan Metallurgiya idarəsində baş mühəndis və şöbə müdiri vəzifəsində işləyib. Kimya elmləri namizədidir. 90-cı illərin əvvəllərində Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Mərkəzinin fəalına çevrilmiş Novella Cəfəroğlu 1993-cü ildən bu təşkilatın sədridir.

 

“Naxçıvandan xalq düşməni kimi çıxarıldıq”

 

Martın 3-də 75 yaşı tamam olmuş Novella xanım 7 nəfərdən ibarət ailədə böyüyüb: “Ailədə üç bacı, iki qardaş idik. Atam Cəfər Cəfərov yüksək postlarda, o cümlədən Naxçıvan SSRİ Ali Sovetinin rəhbəri vəzifəsində çalışıb. Ən kiçik vəzifəsi 1955-1956-cı ildə Ucarın rayon katibi idi. Atam 1957-ci ildə, 42 yaşında rəhmətə getdi.

 

Anam Fəxriyeyişura Bektaşi bəy nəslindən idi. İxtisasca həkim olub. Onun qohumları Azərbaycana Türkiyədən köçmüşdülər. Bizi anam oxutdu. Ali təhsil almağımız onun sayəsində oldu. Qardaşım Ekologiya və Təbii Sərvətlər Nazirliyində aparıcı mütəxəssis işləyir. Digər qardaşım dünyasını dəyişib. Bir bacım Kimya İnstitutunda işləyir, o biri biologiya elmləri namizədidir”.

 

O, orta təhsilini bir-birindən uzaq məsafədə yerləşən müxtəlif məktəblərdə alıb: “İkinci sinfə qədər Naxçıvanda təhsil aldım. Atam Moskvada partiya məktəbində oxuyurdu deyə, Rusiyaya getdik və orta təhsilimi orada davam etdirməli oldum. Bir neçə il sonra Naxçıvana qayıtdıq, təhsilimi orada davam etdirdim, lakin qısa müddət sonra bizi hərbçilərin və milisin müşayiəti ilə Naxçıvandan xalq düşməni kimi çıxardılar. Ailəliklə Bakıya köçdük”.

 

“Bağırov atama deyir: “Əclaf oğlu...”

 

Bağırov isə öz növbəsində məsələnin araşdırılacağını söz verir. Bu səbəbdən də Cəfərovlar ailəsi muxtar respublikadan Bakıya gətirilir: “Bizi Naxçıvandan hərbçilərin və milisin müşayiəti ilə çıxardılar. Həmin vaxtlar anamı çox incitdilər. Atam və Qriqoryan dərhal Bağırovun qəbuluna getdilər. O, atama “əclaf oğlu, sən neynəmisən?”- deyə soruşub. Atam isə ona belə cavab verir: “Yoldaş Bağırov, yadınızdadır? Sizinlə Salyana gedəndə ora köçürülmüş azərbaycanlıların Ermənistandakı evlərinin boş qalması barədə eşitdik. Deyib ki, yoldaş Bağırov, bu gedişlə ermənilər bir gün Naxçıvanı da ələ keçirəcəklər”.

 

“Ondan Rəsulzadənin kim olduğunu soruşduq...”

 

Təhsilini Bakının 151 saylı orta məktəbində başa vuran Novella Cəfəroğlunun uşaqlıq illəri maraqlı hadisələrlə zəngin olub: “Məktəbdəki bütün nadincliklərin, dəcəlliklərin müəllifi özüm idim. Sinif otağımızın tavanının suvağının bir hissəsi uçmuşdu. Uşaqlara dedim ki, tavanın bütün suvağını uçuraq, qoy bizi başqa sinif otağına yerləşdirsinlər. Çantalarımızı yuxarı atıb tavanın suvağını qopardıq. Müəllim otağa girəndə gözlərinə inanmadı. Soruşdu ki, burada nə baş verib? Dedik, tavanın suvağı hər saat qopur. Bizi başqa sinfə keçirdilər (Gülür). Bir dəfə kinoteatrda maraqlı kino göstərirdilər. Sinif yoldaşlarıma dedim ki, gəlin çantalarımızı pəncərədən çölə ataq, dərsdən qaçıb kinoya gedək. Belə də etdik”. 

 

Onun sözlərinə görə, həmin dövrdə qadağan edilmiş mövzular Cəfərovlar ailəsində tez-tez müzakirə olunurmuş: “Atamla anam evdə Hüseyn Caviddən, Mikayıl Müşfiqdən, Türkiyədən danışanda bizi otaqdan çıxarırdılar. Yadımdadır, evimizdə kiçik “Baltika” radioqəbuledicisi vardı. Atam radioqəbuledicini türk radio dalğalarına çevirir, onların mahnılarını dinləyirdi. Radioqəbuledicinin səsini aşağı edirdi ki, qonşular eşitməsin.

 

O, cibində partiya bileti gəzdirməsinə baxmayaraq, dostları ilə söhbətlərində Məhəmməd Əmin Rəsulzadə, Osmanlı türkləri haqqında danışardı. Bir dəfə atamdan Rəsulzadənin kim olduğunu soruşduq. O, Məhəmməd Əmin barəsində geniş danışdı”. 

 

“O, Misirdən yenicə qayıtmışdı”

 

Orta məktəbi bitirib, ADU-nun Kimya fakültəsinə daxil olmuş Novella Cəfəroğlu tələbəlik dövrünü həyatının ən gözəl illəri adlandırır: “Dərslərimi yaxşı oxuyurdum, qiymətlərim “əla” idi. Bizi avtobuslara doldurub Saatlı və digər rayonlara pambıq yığmağa aparırdılar. Pambıq yığmaq əvəzinə sahələrdəki ot taylarının üstündən sürüşürdük. Kolxoz sədri müəllimlərimizə deyirdi ki, otları qış üçün tədarük etmişik. Tələbələri bura gətirmisiniz ki, otun üstündən sürüşsünlər?! 

 

Bununla yanaşı, institutda qadağan olunmuş kitabları oxuyub, şeirlər əzbərləyib: “Bir müddət ixtisasım üzrə işlədim. Universiteti bitirdikdən sonra Geologiya Nazirliyinə təyinat aldım. 1968-ci ildə Ordubadın Kələki kəndində birinci geoloji ekspedisiyanın laboratoriya rəhbəri idim. Əbülfəz Elçibəylə tanış oldum. O, Misirdən yenicə qayıtmışdı. Gənc olduğumdan məni Elçibəyin dayısına tapşırmışdılar ki, göz-qulaqda olsun. Bir gün dayısı Elçibəyi mənimlə tanış etdi.

 

ADR-in üçrəngli bayrağını mənə ilk dəfə Əbülfəz bəy göstərib. Bayrağı haradasa gizlədirdi. Bundan sonra Məhəmməd Əmin Rəsulzadə, Atatürk, Hüseyn Cavid, Azərbaycan Demokratik Cümhuriyyəti haqqında ətraflı danışdı. Həmin vaxt DTK agentləri Elçibəyi izləyirdi. O, özü də bunu hiss etmişdi. Həmişə mənə deyirdi ki, gəl evdə yox, çay kənarında söhbət edək. Evdə izlənilmə ehtimalı çox idi”.

 

Ordubaddakı bayram şənlikləri də onunçün maraqlı xatirələrə çevrilib: “1969-cu ilin Yeni il bayramı ərəfəsində Dırnıs və Kələki kəndlərinə yolkanı ilk dəfə mən apardım. Bu kəndlərin sakinləri 60-cı illərin sonuna qədər yolkanın nə olduğunu bilmirdilər. Yolkanı həyətdə qurduq və Yeni il hədiyyələrini payladıq”.  

 

“Ərimi aparıb müsəlman etdilər və...”

 

Gənclik həyatına müstəqil addımlarını atan Novella Cəfəroğlu ailə həyatını da sərbəst şəkildə qurur: “Atam məni digər övladlarından çox istəyirdi deyə, sərbəst böyümüşdüm. Ailədə o qədər müstəqil idim ki, ailə həyatı qurmaq məsələsinə də özüm qərar verdim. Bir gün dedim ki, yəhudiyə ərə gedirəm. Hamı buna narazı qarşıladı. Amma istəyim reallaşdı.

 

Geologiyada baş mühəndis vəzifəsində çalışan Yulen Markoviç Apilbanovla Kələkidə tanış olduq. Əmilərim onu məscidə apardılar, kəlmeyi-şəhadəti oxutdurub, müsəlman etdilər. Yulen müsəlmanlığı qəbul etdikdən sonra dedilər ki, Novella, o, indi bizim dindəndir, ərə gedə bilərsən. Amma gələcək ərimlə ZAQS-a getmədim. Nikah sənədinə qol çəkməyə mənim əvəzimə Yulenin kişi dostu yollandı. İndi də mənə zarafat edir ki, Yulenin arvadı sən deyilsən, özüməm (Gülür). Naxçıvanda böyük toy məclisi, burada isə adi kampaniya oldu. Hamı həyat yoldaşıma deyirdi ki, cuhudun bəxtinə bax e, gör gəlib kimi aldı!”

 

“Onu axirətdə ikitərəfli sorğu-sual edəcəklər...”

 

Həyat yoldaşı barədə danışan N.Cəfəroğlu belə deyir: “Yulen çox gözəl insandır, əla xasiyyəti var, məni başa düşür. Elçibəyin ən yaxın dostu idi. Əbülfəz bəy Ordubada getdikdən sonra Yulen də İsrailə köçdü. 80 yaşı var. Əvvəllər universitetdə işlədi, indi təqaüd çıxıb. (Gülərək) Hərdən Yulenə deyirəm ki, axirətdə səni ikitərəfli sorğu-sual edəcəklər – həm müsəlman, həm yəhudi olduğuna görə.

 

Üç oğlum, altı nəvəm var. Övladlarımın hamısı İsraildə yaşayır. Böyük oğlum Təl-Əviv Universitetinin geoloqu, professordur. Ortancıl riyaziyyatçı, kiçik oğlum isə həkimdir. Onlar 90-cı illərdə Azərbaycanı tərk etdilər. Özlərinə də deyirəm ki, siz öz Vətəninizi, mən də öz Vətənimi seçdim. İldə iki dəfə İsrailə gedib onlarla görüşürəm.

 

Övladlarım, nəvələrim üçün darıxıram. Buna görə də martın 27-də (müsahibə martın əvvəli götürülüb – Red.) İsrailə gedəcəm. Amma Azərbaycanı birdəfəlik tərk edə bilmərəm. Çünki Azərbaycan Vətənimdir, atamın, anamın, qardaşımın, digər doğmalarımın məzarları buradadır.

 

“Mənə “uluslararası mamaşa” deyirlər”

 

Rəhbəri olduğu Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Mərkəzinin yaranma tarixindən danışan Novella Cəfəroğlu bildirdi ki, təşkilat 1989-cu ildə Dilarə Əliyeva tərəfindən təsis edilib: “Mərkəzin ideyası Atatürkün qadın hüquqlarının qorunması ilə bağlı yaratdığı təşkilatın məramnaməsindən götürülüb. Bir dəfə Elçibəy deyib ki, belə təşkilatdan Azərbaycanda da olmalıdır. 90-cı illərdə mən də mərkəzə üzv oldum.

 

Tədricən sıralarımız genişləndi. İndi 11 rayonda özəklərimiz var. Zəhmətimiz çox gözəl qiymətləndirilir. 75 yaşım tamam olan gün minlərlə insan zəng vurub doğum günümü təbrik etdi. Deputat Fazil Mustafa dedi ki, Novella Cəfəroğlunun yarı rus, yarı Azərbaycanca işlətdiyi söyüşlər də bizə şirindir. Martın 3-ü gecə saat 12-də Səadət Bənənyarlı ilə Səidə Qocamanlı mənə tort gətirdilər. Açığı, gözləmirdim. Bu diqqət mənimçün böyük hədiyyə idi. Deputat Azay Quliyev isə mərkəzimizə xüsusi mükafat verdi. Cəmiyyətimizin işçiləri - qızlarımız qayğıma qalır, qulluq edirlər. Çalışırlar elə etsinlər ki, tez ölməyim, yaşayım.

 

Əvvəllər mənə “mamaşa”, indi isə “uluslararası mamaşa” deyirlər. Çünki kim hansı iş üçün ağız açıbsa, kömək etməyə çalışmışam. Problemləri həll etməyi bacarmayanda mənə ağız açanlarla xoş rəftar etmişəm”. 

 

“Həkim məsləhəti ilə siqaret çəkdim”

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündən danışan müsahibim bu söhbətin həmin ölkədə keçirilmiş sülh və demokratiya mövzusunda beynəlxalq konfransda baş tutduğunu dedi: “Tədbirə əksər postsovet dövlətlərindən nümayəndələr qatılmışdı. Səfirlərdən biri çıxışında bildirdi ki, Novella Cəfəroğlunu burada görməyimə şad oldum. Ərdoğan soruşdu ki, Novella kimdir? Görüşüb xatirə şəkli çəkdirdik. Türkiyənin sabiq prezidenti Abdullah Güllə isə Strasburqda görüşdük”.

 

Əvvəllər sosial şəbəkələrdən istifadə edən Novella Cəfəroğlu deyir ki, “facebook”da çoxlu sayda avara gördükdən sonra virtual məkandan istifadəni dayandırıb. O, yaşının çoxluğuna baxmayaraq papiros çəkməsinin səbəblərindən də danışdı: “Mən uşaq olanda evdə nənəm də papiros çəkib. Özüm isə tələbəlik illərində siqaret çəkməyə başladım. Xəstələnmişdim, həkim anama dedi ki, qızın sağalmaq üçün nanəli siqaret çəkməlidir. Soyuqdəyməylə əlaqədar nanəli siqaret çəkdim. Amma soyuqdəymə canımdan çıxandan sonra keçdim başqa növ papiroslara.

İndi Koreya istehsalı olan papiros çəkirəm. Günə bir qutu yarım bəs edir. Lakin buna baxmayaraq sağlamam. Hər dəfə İsrailə gedəndə oğlum məni tibbi müayinələrdən keçirir və analizlərin nəticələrinin müsbət olduğunu görəndə təəccüblə soruşur ki, ana, papiros çəkirsən, nə yaxşı sağlam qalmısan? Cavab verirəm ki, oğlum, mən tüstünü ciyərlərimə almıram”.

 

“Dedi: sən kişi qızısan, o gündən oldum Cəfəroğlu”

Asudə vaxtlarında mütaliə etdiyini deyən müsahibim hazırda Səfəvilər dövlətinin tarixinə aid kitabı oxuyur. O ki qaldı Cəfəroğlu təxəllüsünə: “1993-cü ildə Cəfəroğlu təxəllüsünü götürdüm. Elçibəyə dedim ki, Cəfərqızı yox, Cəfəroğlu təxəllüsünü götürmək istəyirəm. Cavab verdi ki, Cəfəroğlu ol, sən onsuz da kişi qızısan. O gündən oldum Cəfəroğlu”.

 

Şərhlər

Çox oxunanlar