Nazirlik: Fevralın 1-dən martın 1-dək əmanətlərdən tutulan gəlir vergisi əmanətçiyə qaytarılmalıdır
06.04.2016 13:04 Sosreaksiya 744
"Bu ilin fevralın 1-dən martın 1-ə qədər banklar tərəfindən əmanətlərdən gəlir vergisi tutulubsa, bu məbləğ əmanətçilərə geri qaytarılmalıdır".
"APA-Economics" xəbər verir ki, bunu Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentində KİV nümayəndələri üçün keçirilən “Açıq qapı günü” çərçivəsində Vergilər Nazirliyi Vergi siyasəti və strateji araşdırmalar Baş İdarənin rəisi Samirə Musayeva deyib.
"Bildiyiniz kimi, qanunda əmanətlərdən gəlir vergisinin fevralın 1-dən azad olunması nəzərdə tutulurdu. Qanun isə martın 1-də imzalandı. Qeyd etmək istəyirəm ki, qanun 1-2 ay sonra imzalansa da, qanunda tətbiqi nəzərdə tutulan vaxt nəzərə alınmalıdır. Buna görə də banklar əmanətlərdən gəlir vergisi tutublarsa, bu məbləğ əmanətçilərə geri qaytarılmalıdır. Bu çox sadə bir əməliyyatdır. Banklar müştəriləri ilə bu məsələni həll etməlidir. Daha sonra bəyannamələrdə düzəliş edilə bilər. Əgər vəsaitlər büdcə vəsaiti hesabına qaytarılıbsa, büdcə ilə qarşılıqlı hesablaşmalar aparılmalıdır. Başqa sözlə, bu məsələdə əmanətçilərin hüquqları qorunur", - deyə S. Musayeva bildirib.
Şərhlər