Gənclər və uşaqlar niyə intihara əl atır?

08.04.2016 10:30     Sosreaksiya     897

Ötən il 535 insan özünü öldürüb, amma bu son rəqəm deyil

 

Azad İsazadə: «İntiharların qarşısını almaq üçün profilaktik tədbirlərə ehtiyac var»
Əhməd Qəşəmoğlu: «İntiharları təkcə iqtisadi amillərlə əlaqələndirmək düzgün deyil»
 
2015-ci ildə ötən illərin statistikası ilə müqayisədə intiharlar artıb. 2013-cü ildə bu göstərici 415 idisə, 2015-ci ildə özünə qəsd edənlərin sayı 535 nəfərə çatıb. Bu haqda Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin şöbə müdiri Kəmalə Talıbova mərkəzdə keçirilən dəyirmi masada məlumat verib. O, həmçinin statistikadan kənar qalan faktların olduğunu da qeyd edib. K.Talıbova uşaqlar arasında intiharların çoxaldığını da qeyd edib.
 
"2013-cü ildə bu rəqəm 18 idisə, keçən il bu say 29 olub. İntihara cəhd halları qadınlar arasında üstünlük təşkil etsə də, kişilər arasında tamamlanmış intihar halları iki dəfə daha çox olub" - deyən K.Talıbova gələcəkdə sosioloji mərkəzin yaradılmasının nəzərdə tutulduğunu, orda intihara cəhd halları və səbəblərinin araşdırılacağını söyləyib.
 
Şöbə müdiri Azərbaycanda intiharlarla bağlı problemlərin yaşandığını deyib. Ancaq o qeyd edib ki, inkişaf edən ölkələrlə müqayisədə Azərbaycan bu sahədə geridədir: "İntihar hallarına bütün yaş qruplarında rast gəlinsə də, əsas yaş həddi 18-35-dir.Təbii ki, səbəblər də müxtəlifdir. Bura psixoloji, sosioloji, bioloji, ailə-məişət faktorları, ruh və genetik problemlərin olması aiddir" - deyə K.Talıbova vurğulayıb.
 
Ölkə mətbuatında da tez-tez intiharlarla bağlı xəbərlər yayılır. Bəzən bir gündə 2-3 nəfərin  özünə qəsəd etməsi barədə xəbərlər verilir. Mətbuatın apardığı araşdırmalara görə, son illər Azərbaycanda insanlar daha çox maddi problemlər üzündən canlarına qıyırlar.
 
Psixoloq Azad İsazadə Bizimyol.info-ya açıqlamasında bildirdi ki, uşaq və yeniyetmələrin intiharları risk qrupuna aiddir: "Səbəb nələr ola bilər? Bunun üçün isə ayrıca araşdırmalar aparılmalıdır. Bu yaş qrupunda olan insanlar maksimalist olurlar. Onlar üçün orta ton, orta rəng yoxdur. Ya qaradır, ya ağ. Bu səbəbdən həmin şəxslər hər baş verən hadisəyə reaksiya verirlər. Ona görə də hər bir uğursuzluq, pis hadisə bu yaş qrupunda olan insanlar üçün dəhşətli faciəyə çevrilir. İmtahandan kəsilmək, sevgili ilə vidalaşmaq kimi hadisələr onlar tərəfindən dünyanın sonu kimi görünür".
 
Psixoloq deyir ki, intiharların qarşısını almaq üçün profilaktik tədbirlərə ehtiyac var. Xüsusi ilə də  valideynlər, dostlar, məktəbdəki müəllimlər burada rol oynayırlar: "Çünki onlar yeniyetmədə, gəncdə baş verən dəyişiklikləri, ilkin simptomları görürlər. Belə olan halda onlar psixoloqa müraciət edə bilərlər".
 
Sosioloq Əhməd Qəşəmoğlu Bizimyol.info-ya açıqlamasında bildirdi ki, insan psixologiyası elədir ki, hər bir fərd özünü təsdiq etməyə, cəmiyyətdə yerini tapmağa çalışır. Bu normal insan üçün adi bir haldır: "Cəmiyyətdə 18-35 yaş arası insanlar özünü təsdiqə daha çox can atırlar. Təəssüf ki, indi bu sahədə müəyyən problemlər yaşanır. Bu insanlar özlərini təsdiq edə bilmirlər. Onların arasında xeyli qabiliyyətli insanlar da var. Yəni, bu insanlar qabiliyyətsiz deyillər. Ancaq onlar öz qabiliyyətlərinə uyğun özünü reallaşdıra bilmir və çoxlu problemlər yaşanır. Təkcə iqtisadi amillərlə bunu əlaqələndirmək düzgün deyil. Burda həm də mənəvi amillər rol oynayır. Nəyə görə sırf iqtisadi amillərlə bağlı deyil? Yadınızda saxlayın, Azərbaycanda bundan da ağır iqtisadi vəziyyətlər olub. Məsələn 50-ci illərin ortalarında və yaxud ondan əvvəlki illərdə. O vaxt isə bu cür intihar halları olmayıb. Ona görə də məsələni təkcə iqtisadiyyatla bağlamaq düzgün deyil".
 
Ə.Qəşəmoğlu deyir ki, intiharlar həm mənəvi, həm şəxsin özünün dünyagörüşü məsələsi ilə, cəmiyyətin insana olan münasibəti ilə əlaqədardır: "Bir çox kompleks məsələlərə baxmaq lazımdır. Və bu bir davranış formasıdır. Davranışa isə  ciddi faktor təsir göstərir. Birinci, mühit - insan hansı mühitdə yaşayır və hansı imkanları var. İkincisi, qəbul etdiyi informasiyalar və sonuncu şəxsin qəbul edib, üstünlük verdiyi dəyərlər. Deməli, biz istəmiriksə, cəmiyyətimizdə neqativ hallar olsun, o zaman biz mühitə diqqət verməliyik. İkinci isə informasiyalara fikir verməliyik. Televiziyalar axşama kimi kriminal xəbərlər verirlər. İnsanlarda da o ovqatı yaradırlar. Və insanların hər birinə sabaha ümidə tələbat var. Sabaha inam azaldıqda insanlarda belə pessimist əhval-ruhiyyə yaranır. Birdə ki, insanın üstünlük verdiyi dəyərlərə diqqət etmək lazımdır. Yekun olaraq onu deyə bilərəm ki, bu məsələləri başlı-başına buraxmaq olmaz. Elmi yolla həlli var. Elmi fəlaiyyət planları hazırlayıb, həyata keçirmək lazımdır".
 
 
(Bizimyol.info)
 
 

Şərhlər

Çox oxunanlar