Elektron Təhlükəsizlik Mərkəzi sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edib
11.04.2016 15:53 Sosreaksiya 787
Son günlərdə sosial şəbəkələrdə yaranan aktivlik saxta hesabların yaradılmasına və bununla yanaşı spam mesajlar vasitəsilə ziyanverici proqramların yayılmasına gətirib çıxarıb.
Elektron Təhlükəsizlik Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, saxta hesablardan ünvanlanan keçidlərə kliklədikdə qurğuların əməliyyat sistemlərinə daxil olan ziyanverici proqramlar istifadəçilərin adından saxta hesabların yaradılması, əxlaqa zidd paylaşımlar edilməsi, istifadəçinin dostlarının kompüterini yoluxdurmaq məqsədi ilə onlara spam mesajlar göndərməsi və s. ilə nəticələnə bilər.
“Odur ki, naməlum şəxslərdən gələn keçidləri klikləməməyiniz, sosial şəbəkədə dövlət orqanlarına, ictimai-siyasi xadimlərə məxsus səhifələrin həqiqiliyinə əmin olmağınız tövsiyə olunur. Saxta hesab etdiyiniz hesablarla bağlı sosial şəbəkə inzibatçılarına məlumat verin. Bununla yanaşı, veb-sayt rəhbərlərinin və ya idarəedicilərinin veb-saytlarda təhlükəsizlik tədbirlərini həyata keçirmələri, boşluqları aradan qaldırmaları tövsiyə olunur”, - deyə məlumatda bildirilir.
Şərhlər