TQDK-nın ləğvi qəbul imtahanlarına necə təsir göstərəcək?
12.04.2016 16:37 Sosreaksiya 846
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) ləğv olunması builki qəbul imtahanları ilə bağlı müəyyən suallar doğurub.
Prezident İlham Əliyevin dünən imzaladığı Fərmanla dövlət qeydiyyatına alındığı andan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və TQDK ləğv olunaraq, onların bazasında Dövlət İmtahan Mərkəzi yaradılıb.
Bu çərçivədə diqqət daha çox ölkədə uzun müddətdir, qəbul və digər imtahan prosedurlarını həyata keçirmiş TQDK-nın ləğvinə yönəlib.
Qəbul imtahanlarına elə də çox vaxt qalmadığı bir ərəfədə bu qurumun fəaliyyətinə xitam verilməsi xüsusilə, abituriyentlərdə və onların ailələrində bir sıra sualları aktuallaşdırıb.
Onlar builki qəbul imtahanlarının təşkili ilə bağlı müəyyən narahatlıq keçirərək, bu məsələdə müəyyənliyin yaranmasını istəyirlər.
Mövzu ilə bağlı danışdığımız təhsil eksperti Məlahət Mürşüdlü Gün.Az-a açıqlamasında bildirib ki, abituriyentlərin narahatlığına heç bir əsas yoxdur:
“Öncə onu bildirim ki, TQDK-nın və Dövlət qulluğuna qəbul üzrə komissiyanın bazasında Dövlət İmtahan Mərkəzinin yaradılması zamanın tələbindən irəli gələn bir addımdır.
Bu dəyişiklik qəbul və digər imtahan proseslərinin mərkəzləşərək sistemləşdirilməsi, çevikliyin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Bilirsiniz ki, TQDK-nən əsas profili tələbə qəbulu üzrə imtahanların təşkili olsa da, o qurum dövlət qulluğuna imtahanlardan tutmuş sürücülük hüququ imtahanlarına qədər hər işlə məşğul olurdu.
İndiki dəyişiklik isə bütün bu prosedurların daha peşəkar qaydada həyata keçirilməsinə imkan verəcək.
Heç kəs narahat olmasın – bu dəyişiklik nə format, nə də vaxt baxımından heç bir problemə səbəb olmayacaq.
Yəni, dəyişiklik əsasən, adla və yeni strukturlaşma ilə bağlıdır. İndiyə qədər işləmiş sistem öz yerindədir və buliki qəbul imtahanları da onun əsasında keçiriləcək”.
"Dövlət İmtahan Mərkəzinin yaradılması ali məktəblərə qəbul olmağa hazırlaşan abituriyentlərə heç bir təsir göstərməyəcək. Onların işinə heç kim zərər vurmayacaq. Bu Mərkəzin yaradılması idarəetmədə olan bir dəyişiklikdir". Bunu Trend-ə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib.
Hazırda sənəd qəbulunun aparıldığını xatırladan M.Abbaszadə qeyd edib ki, son dəyişikliklər bu prosesə təsir göstərməyəcək və sənəd qəbulu davam edəcək.
Komissiya sədri qeyd edib ki, imtahanların mahiyyəti ilə bağlı heç bir dəyişiklik edilməyəcək: "İmtahanların keçirilməsi, onların mahiyyəti, abituriyentlərin imtahanlara hazırlıq prosesi ilə əlaqədar dəyişikliklər olmayacaq. İmtahanın mahiyyətinə aid olan dəyişikliklər abituriyentlərə bir il əvvəl elan edilir. Bu ilin qəbul qaydaları isə elan edilib, onlar artıq dəyişdirilə bilməz".
Şərhlər