“Sahibsiz Uşaqlara Kömək” İctimai Birliyi - BƏYANAT YAYDI

13.04.2016 19:47     Sosreaksiya     844

Karabakh Today-ın verdiyi xəbərə görə, “Sahibsiz Uşaqlara Kömək” İctimai Birliyi son günlər cəbhədəki gərgin vəziyyətlə bağlı bəyanat yayıb.

Bəyanatı olduğu kimi təqdim edirik:

"Bildiririk ki, aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq aprelin 5-dək Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində  düşmən tərəfindən bütün cəbhə boyu mövqelərimiz və yaşayış məntəqələrimiz kəskin və intensiv atəşə məruz qalıb. Bununla yanaşı təxribat xarakterli hücumlara cəhd edilib. Bu təxribatın qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə ordumuz tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində cavab tədbirləri keçirilib.

Nəticədə qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olunub.

Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam azad edilib.

Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəklik də bölmələrimizin nəzarətinə keçib. Hazırda əsgərlərimiz qarşı tərəfi susdurub və mövqelərində möhkəm dayanıblar. Düşmənin canlı qüvvəsi ilə yanaşı, tankları və artileriya qurğuları məhv edilib və düşmən geri çəkilməyə məcbur olub.

Bütün bunlar Azərbaycan dövlətinin hər cəhətdən, o cümlədən hərbi yöndən düşməndən üstünlüyünün sübutudur. Azərbaycan xalqı öz dövlətinin və onun Prezidentinin arxasında möhkəm dayanıb və ölkəmizdə hər kəsin Qarabağ haqqında bir düşüncəsi, bir məqsədi var. Qarabağ bizimdir və bizim də olacaq. İnşallah, inanırıq ki, tezliklə istər sülh, istərsə də müharibə yolu ilə torpaqlarımız işğaldan azad ediləcək. Ali Baş Komandan döyüş əmri verərsə,  xalqımız bir yumruq tək birləşib torpaqlarımızı azad etmək iqtidarındadır.

“Sahibsiz Uşaqlara Kömək” İctimai Birliyi olaraq əks hücumlar zamanı qəhrəmancasına şəhid olan  əsgər və zabitlərimizə, həmçinin düşmənin cəhbə boyu yaşayış məntəqələrinə açdığı atəş nəticəsində həyatını itirən qəhrəman mülki vətəndaşlarımıza Allahdan rəhmət  və ailələrinə səbr diləyirik. Yaralı hərbçi və vətəndaşlarımıza Allahdan şəfa arzulayırıq. 

Qeyd edək ki, təşkilatımız gələcək layihələrdə də həmişə olduğu şəhid və qarabağ əlillərinin ailələrinin az yaşlı övladlarına xüsusi diqqət yetirməkdə davam edəcəyik.  Mövcud imkanlarımız daxilində müxtəlif formalardakı yardımlarımızı əksik etməyəcəyik". 

Şərhlər

Çox oxunanlar