Qarabağın ilk şəhidinin anası vəfat etdi - FOTOLAR

16.04.2016 17:06     Sosreaksiya     1061

Azərbaycanın Qarabağda verdiyi ilk şəhidin anası dünyasını dəyişib. Modern.az saytının məlumatına görə, bu barədə Milli Qəhrəman Allahverdi Bağırovun oğlu Elşən Bağırov bildirib. 
Onun sözlərinə görə, Azərbaycanın ilk şəhidi, Agdam rayon sakini Bəxtyar Quliyevin anası Səlimə Quliyeva bu gün 65 yaşında dünyasını dəyişib. 

Xatırladaq ki, 1988-ci il fevralın 21-də Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin yalnız erməni deputatlarının iştirakı ilə keçirilən növbədənkənar legitim olmayan iclasında vilayətin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın inzibati-ərazi bölgüsünə daxil edilməsi barədə qərar qəbul edilib. Sessiyada Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında Azərbaycan və Ermənistanın hakimiyyət orqanlarına müraciət olunub. Həmin vaxt ermənilər Xankəndidə vilayət Partiya Komitəsinin binası qarşısında mitinq keçirir, Azərbaycana qarşı əsassız iddialar səsləndirir, qərarın dərhal SSRİ Ali Sovetinə göndərilməsini tələb edirdilər.

Belə bir məqamda Azərbaycan rəhbərliyi sussa da, Qarabağ əhalisi bələd olduğu erməni məkrini dayandırmaq üçün səfərbər oldu, SSRİ rəhbərliyindən ədalətsizliyə son qoyulmasını tələb etdi. Fevralın 21-də minlərlə azərbaycanlı ermənilərin əsassız iddialarına etiraz etmək üçün Ağdamın mərkəzində toplaşdı. Fevralın 22-də səhər saatlarında silahsız azərbaycanlılar kütlə halında Əsgərana doğru hərəkət etdi. Yürüş edənlərin məqsədi dava salmaq yox, yaranan anlaşılmazlığa son qoymaq idi.
O zaman azğın düşmən tərəfindən mitinqçilərə doğru açılan qəfil atəşlə Bəxtiyar Quliyev və Əli Hacıyev adlı iki gənc şəhid edildilər. Onlar Qarabağın ilk şəhidləri kimi tanındılar...

Allah rəhmət eləsin.

Şərhlər

Çox oxunanlar