Asan evliliyin qaydası
16.04.2016 17:31 Sosreaksiya 1448
İslam dini başqa dinlərdən fərqli olaraq evliliyə həmişə dəyər vermiş və onu hər bir müsəlman üçün vacib buyurmuşdur. İslam dininin nəzərinə görə evlilik insan üçün çoxlu bərəkət gətirər.
Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim Allahla pakizə və təharət halında görüşmək istəyirsə, evlilyin vasitəsilə iffətli olsun".
Həzrət Rəsuli-Əlrəm (s) buyurur: "Hər kim cavanlığın başlanğıcında evlənər, ona məmur olan şeytan fəryad çəkər: "Ey Vay! O, dininin üçdə ikisini mənim əlimdən hifz etdi. Qalan üçdə birini də təqva ilə hifz edə bilər"".
Milli.Az deyerler.org-a istinadən bildirir ki, bir çox hədislərdən belə nəticəyə gəlmək olur ki, İslam dini tez evliliyi tövsiyə edir və onu bəyənir. Belə ki, İmam Rza (ə) qızların tez ərə getməsi ilə bağlı buyurur: "Bir gün Cəbrayil (ə) Peyğəmbərə (s) nazil olur və deyir: "Allah sənə salam göndərir və buyurur: Qızlar ağacın meyvəsi kimidirlər. O zaman ki, meyvə yetişər, dərməkdən başqa çarə qalmaz. Əks halda günəş onu fasid edər və dəyişdirər. Qızlar da büluğa çatan zaman evlilikdən başqa çarə qalmaz. Əks halda fəsaddan aman olmaz"".
Bu hədisdən görünür ki, cavanlıq zamanı evliliyi təxirə salmaq həm fərdi, həm də ictimai problemlər yarada bilər. Çox təəssüf ki, bu gün cəmiyyətdə cavanlar evliliyə çox da meyl etmirlər. Bu da cəmiyyətdə böhran yaradır. Əgər ailələr bu böhrana diqqət etməsələr, heç də xoş şeylər bizi gözləməz.
Bu gün cavanlara evlənməyə mane olan amillərdən biri də budur ki, istək və gözləntiləri artmışdır. Əgər cütlər elə əvvəldən qərara alsalar ki, evliliklərinə sıfırdan başlayacaq və heç kimdən heç nə ummayacaqlar, bu zaman həyatları rahat və evlilikləri asan olar. Ancaq əgər öz istək və gözləntilərinin ardınca olsalar, gərək uzun illər bu evliliyin həyata keçməsini gözləsinlər.
"(Ey gənclərin ixtiyar sahibləri,) subay kişilərinizi və ərsiz qadınlarınızı, eləcə də qul və kənizlərinizdən evlənmək istedadı olanları evləndirin. Əgər yoxsul olsalar, Allah onları Öz lütfü ilə dövlətli edər. Allah sonsuz genişlik sahibi və biləndir". ("Nur" 32).
Bu ayə cavanlara asan evliliyin yollarını göstərir. Əgər cavanlar bu ayəyə etimad etsələr, çox asan və rahat evlənər və ailə qura bilərlər. Bu yolda mühüm amillərdən biri - qənaətdir. Belə ki, əgər cavanlar bu yolda qənaət edərsə, daha asan evlənə bilərlər. Həmçinin evliliklə bağlı məsələlərə qarşı gözləntilərin az olması evliliyi daha rahat edər.
Allah Təala bu ayədə buyurur ki, əgər cavanlarınızın əli boşdursa, Mən onları Öz lütfümlə dövlətli edərəm. Əgər ətrafımıza bir qədər nəzər salsaq, görərik ki, Allahın bu vədinin həyata keçdiyi çox sayda ailə mövcuddur. Belə ki, evlənməzdən əvvəl yoxsul və ehtiyaclı olan insanlar ailə qurandan sonra ruzi və bərəkətə çatmış və ehtiyaclarını təmin etmişdir. Əlbəttə ki, İlahi hikmət üzündən bəzi insanlar imtahanlara, o cümlədən, ruzi imtahanına da məruz qalırlar. Bu yolda cavanlar gərək Allaha həqiqətən təvəkkül etsinlər.
Hər kim bu müqəddəs yola qədəm basarsa, Allah ona addımlamağa yardım edər. Əgər az bir ruzisi ilə bu yola çıxarsa, ruzisini bol və bərəkətli edər.
Ona görə də maddi sıxıntı çəkməkdən qorxan cavanlar! Evlənin və Allaha təvəkkül edin! Çünki: "Kim Allaha təvəkkül etsə, O, ona kifayət edər". ("Təlaq" 3).
Milli.Az
Şərhlər