Ölünün diriyə dərd olduğu Bakıda ehsan qadağasını pozan kimlərdir?

18.04.2016 21:55     Sosreaksiya     738

2014-cü ilin ortalarından başlayaraq, yas və toy mərasimlərində israfçılığın qarşısının alınması məqsədi ilə çox ciddi bir kampaniya başladı. Demək olar ki, hər gün ölkə mətbuatında yas və toy mərasimlərində yol verilən israfçılıqlar gündəmə gətirilir, dəbdəbəli mərasimləri təşkil edənlər qınanılırdı. 
 
İsrafçılığın aradan qaldırılmasının tərəfdarı olanların sayı çoxluq təşkil edirdi. Bu müzakirələrə deputatlar, ilahiyyatçılar və digər ictimai-siyasi xadimlər də qoşularaq, dəbdəbəli mərasimlərin qadağan olunmasını təklif edirdilər.
 
Uzun müddət müzakirələr aparıldıqdan sonra bəzi rayon və şəhərlərdə inzibati müdaxilələrlə də olsa, yas mərasimlərində israfçılığın qarşısı alındı. Bəzi yerli icra nümayəndələri yas mərasimlərinə müdaxilə edərək ehsan süfrəsinə çay, xurma, halvadan başqa digər nemətlərin qoyulmasına icazə vermədi. İlk başda inzibati müdaxilələr narazılığa səbəb olsa da, sonradan bu qadağalar cəmiyyətdə yavaş-yavaş qəbul edildi. 
 
Toy mərasimlərindəki dəbdəbə, şadlıq saraylarındakı israçılıq isə qısa müzakirədən sonra gündəmdən silindi.
 
Ehsan qadağası yas mərasimlərində varlı-kasıb ayrıseçkiliyinin aradan qaldırılması üçün ən uğurlu seçim idi və cəmiyyət tərəfindən də birmənalı olaraq qəbul edilirdi. Hətta din xadimləri belə, şan-şöhrət xətrinə verilən ehsanların və ya kasıb birinin borc-xərc edərək təşkil etdiyi ehsan süfrəsinin ölüyə heç bir faydasının olmadığını insanlara izah etməyə çalışdılar.
 
Dəbdəbəli yas mərasimlərinin qadağan olunması isə Naxçıvan nümunəsindən başlayırdı. İlk olaraq Naxçıvanda Vasif Talıbovun göstərişi ilə yas mərasimlərində çay, xurma, limon və halvadan başqa hər hansı bir nemətin masalara qoyulması qadağan edilmişdi. Artıq bu qadağa 6-7 ildir ki, Naxçıvanda davam edir.
 
Ölünün dirinin işini çətinləşdirdiyi Azərbaycanın digər bölgələrində isə təəssüflər olsun ki, bu qadağanı tətbiq etmək mümkün olmadı. 2 il əvvəl başlayan müzakirələrdən sonra yalnız bir neçə rayon və kəndlərdə yas mərasimlərində ehsan verilməsi qadağan edildi. Bu da yerlərdəki icra nümayəndələrinin, ağsaqqalların və ziyalıların təşəbbüsü ilə baş tutdu.
 
Əsasən Bakıda ehsan qadağasına əməl edilmədi. Bu isə yəqin ki, bu işdə marağı olan şəxslərin istəyinə görə baş tutmadı. Bəllidir ki, Bakıda fəaliyyət göstərən mərasim evlərinin bir hissəsi sahibkarların, bir hissəsi Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nəzarətindədir, bir hissəsi isə SOCAR-ın balansındadır.
 
Hazırda hər hansı bir sahibkar tərəfindən gəlir əldə etmək məqsədi ilə tikilən mərasim evlərində istənilən şəkildə yas mərasimi təşkil etmək mümkündür. Bu hal təbii ki, qazanc əldə edən sahibkarların marağına xidmət edir. Onlar bu qazancdan təbii ki, imtina etmək istəmirlər.
 
Onu da qeyd etmək lazımdır ki, Bakıda ən dəbdəbəli yas mərasimləri QMİ-nin nəzarətində olan mərasim zallarında baş tutur. Əsasən də vəzifəli şəxslərin, onların yaxınlarının, imkanlı və nüfuzlu şəxslərin yas mərasimləri “Təzə pir” və “Heydər məscidi”ndə baş tutur. Heç bir kasıb və imkansız adam bu məscidlərin mərasim zallarında yas mərasimi təşkil edə bilməz. 
 
Hər iki məscidin mərasim zallarında yas mərasimi təşkil etmək adambaşına minimum 15 manatdan başlayır. Sifariş olunan menyuya görə qiymət artır. Hər iki məscidin 10-a yaxın zalı var. Ən lüks mərasim zalları və yüksək xidmət məhz bu məscidilərin mərasim zallarıdır.
 
Sahibkarlara məxsus özəl mərasim evlərində qadağalar olmasa da, SOCAR tərəfindən tikilən bütün mərasim evlərində ehsan süfrəsi açmaq qadağandır. Bu qadağa artıq 1 ildən çoxdur ki, qüvvədədir. Qadağaların qoyulduğu mərasim zallarında yalnız çay, xurma, qənd, limon, halva və su verilir.
 
Bu mərasim evlərindən biri “Xalqlar dostluğu” metrostansiyasının çıxışında yerləşir. Mərasim evinin qarşısına ehsan olaraq isti yeməklərin verilməməsi ilə bağlı xəbərdarlıq elanı vurulub. Elanda qeyd edilir ki, mərasim evində istifadə olunacaq təamlar çay, halva, xurma, limon, qənd və sudur.
 
Ehsan məhdudiyyətinin qoyulduğu başqa bir mərasim zalı isə Babək prospektindədir. “Babək 38q” ünvanında yerləşən bu mərasim zalında da eyni qadağa tətbiq olunur. 
 
Keşlə qəsəbəsindəki mərasim zalında da eyni qadağa var. Burada yas mərasimi vermək istəyənlər elanda qeyd olunanlardan əlavə olaraq, zala heç nə gətirə bilməzlər. 
 
Bu cür mərasim zallarından biri də Babək və Heydər Əliyev prospektlərinin kəsişməsində (“Bazar store” mağazasının arxasında) yerləşir.  Bu mərasim zalları SOCAR tərəfindən tikilib. Mərasim zallarında ehsan məhdudiyyətinin qoyulması tapşırığını 2015-ci il iyulun 27-dən etibarən SOCAR-ın rəhbərliyi verib.
 
SOCAR rəhbərliyinin bu addımından sonra Naxçıvan modelinin Bakıya da gətiriləcəyini düşünənllər az deyildi. Lakin bu, elə düşüncə olaraq da qaldı. 
 
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da bu məsələ ilə bağlı konkret mövqe ortaya qoyaraq ehsan süfrələrinin açılmasının yanlış olduğunu bildirmişdi. M.Qurbanlı ehsan qadağasının cəmiyyətin böyük hissəsi tərəfindən qəbul edildiyini və dəstəkləndiyini qeyd etmişdi. Lakin sonradan bu müzakirələr nədənsə, gündəmdən çıxarıldı.
 
İndi əsas müzakirə olunan məsələ qəbiristanlıqlardakı vəziyyətlə bağlıdır. “Qəbiristanlıqların yaradılması və idarə olunması haqqında” Qanun layihəsi hazırlanıb və baxılması üçün ayrı-ayrı strukturlara - Nazirlər Kabinetinə, bələdiyyələrə və digər səlahiyyətli qurumlara göndərilib. Adları çəkilən qurumların razılığından sonra yekun qərar qəbul olunacaq.
 
 
Musavat.com

Şərhlər

Çox oxunanlar