Fırıldaqçı, dələduz, yoxsa özəl mühafizəçi?
19.04.2016 13:05 Sosreaksiya 1643
“McDonalds”da mühafizəçinin dilənçi qadını döyməsini, Səbail rayonu 7 saylı məktəbdə mühafizəçinin 6-cı sinifdə oxuyan qızı öpməsini və seksual xarakterli hərəkətlər etməsini, ya da "General" MMC, "Azər Mühafizə" MMC və "Qala BTX" MMC mühafizəçi və başqa vəzifələrə qəbul üçün ayrı-ayrı vətəndaşları aldadaraq pul almalarını xatırlayırsınızmı?
Bu hadisələr heç də uzaq keçmişdə baş verməyib. Sadaladığımız faktlar məktəbi, obyekti qorumaq üçün məsul olan şəxslərin bəzən işlərinə məsul olmadığını göstərir.
Publika.az bu mövzu ətrafında araşdırma aparıb.
Azərbaycanda müstəqillikdən sonra formalaşmağa başlayan özəl mühafizə xidmətlərinin sayı ildən-ilə artsa da, bu artım hələ ki kəmiyyətə hesablanıb. Getdiyimiz məkanlarda tez-tez qarşımıza çıxan mühafizəçi adlandırılan şəxslərin əksəriyyəti nəinki “Qeyri-dövlət mühafizə” haqqında qanundan, heç “102” xidmətinin varlığından, silahı necə tutmaqdan, dava zamanı necə davranmaqdan xəbərsizdirlər.
Onların qanundan xəbərsiz olmaları qalsın bir tərəfə, sadaladığımız faktlar canımızı, övladlarımızı etibar etdiyimiz mühafizəçilərin seksual manyak, psixoloji problemlərinin olması faktını ortaya qoyur.
Qanun nə deyir?
Bəs qanun özəl mühafizə haqqında nə deyir. Milli Məclisdə müzakirələrdən sonra bu barədə qanun qəbul edilib. “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında qanuna əsasən, mühafizəçi vəzifəsində 20 yaşına çatıb, mühafizəçilər üçün xüsusi hazırlıq kursunu bitirmiş şəxslər işləyə bilər. Şəxs özəl mühafizə müəssisəsinə və ya hüquqi şəxsin mühafizə bölməsinə mühafizəçi vəzifəsinə işə qəbul edilərkən işəgötürən tərəfindən namizəd barədə 3 gün müddətində müvafiq icra hakimiyyəti orqanına müəyyən olunmuş qaydada məlumat verilməlidir. Mühafizəçilərin, habelə özəl mühafizə müəssisələrinin və hüquqi şəxslərin mühafizə bölmələri rəhbərlərinin xüsusi hazırlıq, təkmilləşdirmə və ixtisas artırma kursları siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən dövlət təhsil müəssisələri və müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş xüsusi razılıq (lisenziya) əsasında qeyri-dövlət ixtisaslaşmış təhsil müəssisələri tərəfindən həyata keçirilir. Kursların proqramının və ixtisas tələblərinin müəyyən olunması və onlara riayət olunmasına nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Müvafiq icra hakimiyyəti orqanı mühafizəçinin özəl mühafizə fəaliyyətinə yararlı olub-olmamasının yoxlanılması üçün, işə qəbul edilən zaman ilkin, sonra isə ildə bir dəfədən az olmayaraq tibbi onu müayinələrdən keçirir.
Qanunvericilik tələb edir ki, ruhi xəstəlik, alkoqolizm, narkomanlığa düçar olmaması barədə müvafiq tibbi rəy təqdim etməyən, fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyətliliyi məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq edilmiş, qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş şəxslər (qadınlar, habelə qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla), sağlamlıq barədə müvafiq tibbi arayış təqdim etməyən, qəsdən ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham olunan və ya qəsdən ağır və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxslər mühafizəçi vəzifəsinə qəbul ola bilməz.
Bəs mühafizəçiləri kim və necə seçir?
Qanunvericiliyə baxsaq, özəl mühafizə haqqında hər şey qaydalara uyğundur. Bəs onda nə üçün özəl mühafizədə hələ də problemlər yaşanır.
Bunun üçün bu gün obyektlərin mühafizəsi məsələsi ilə sayı 30-dan çox olan özəl mühafizə şirkətləri məşğul olur.
Bəs işçilər bu şirkətlərə necə qəbul olur? İnternetdə kiçik araşdırma aparsaq, onlarla özəl mühafizə elanına rast gələrik. Bu elanlarda mühafizəçi işləmək üçün tələblər - yaşın 40-dan çox olmaması, səliqəli görünüş,175 sm-dən az olmayan boy, səliqəli görünüş tələb olunur. Yəni boyun və yaşın imkan verirsə, özünü bir az səliqəyə salmağın işə qəbul üçün yetərlidir. Halbuki qanun başqa şey tələb edir.
Mühafizəçi kimi işə qəbulun digər şərti də bu işlə məşğul olan şirkətlərdən keçir. Mühafizəçi olmaq istəyənlər bu şirkətlərə müraciət ünvanlayır, onlar da lazım olan məqamda həmin şəxsi işlə təmin edirlər.
Mühafizə şirkətlərindən biri “FİLEUR Global Security Group”MMC-dən hazırda mühafizəçiyə ehtiyac olmadığını dedilər. İşə qəbul üçün şərtlər isə hərbi bilet, ruhi xəstəlik, alkoqolizm, narkomanlığa düçar olmaması barədə müvafiq tibbi rəy, sertifikat tələb etdilər. Maaş isə 300 manat civarında olur. Əlbəttə, bu həm də iş şəraiti və saatlardan asılı olaraq dəyişir.
“Smart Communications LLC” şirkətindən minimum maaşın 250 manat olduğunu öyrəndik. Maaşın daha çox olması isə danışıq zamanı iş şərtləri və adamdan asılı olduğunu dedilər. Tələblər isə sağlamlıq, psixoloji vəziyyət və narkoloji dispanserdən arayış, hərbi bilet və sertifikatdır.
Reallıq isə başqa şey deyir. Özəl mühafizə şirkətlərindən birinin adının çəkilməsini istəməyən əməkdaşı bildirdi ki, mühafizəçi kimi işə qəbul çətin deyil. Sağlamlıq, Narkoloji və psixoloji dispanserdən rəy olmalıdır. Bunlar çox sadə tələblərdir. Lakin başqa “tələblər” də var. Məsələn işə qəbul olanda maaşdan asılı olmayaraq 250 manat geyimə görə verməlisiniz. Mühafizəçiyə verilən geyimin dəyərinin o qədər olmadığına heç kimin şübhəsi yoxdur.
Bundan başqa, işə qəbul olandan sonra ayda 3 manat Dövlət Sosial Müdafiə Fonduna ödənilməsi adı ilə maaşdan çıxılır. Ilk 3 ay isə ayda 20 manat sertifikat puludur. Əlbəttə, həmin kursa getməyib ayda 60 manat da verə bilərsiniz. Bu sertifikat da mühafizə işində təlimatı olmağınızı sübut edir. Sertifikatı isə sizi işə düzəldən mühafizə şirkəti verir.İş saatı isə obyektdən asılı olaraq dəyişir. Ən aşağı maaş 175 manatdan başlayır,250 manata qədərdir. Ondan tələb olunanlar və təklif edilənlərin timsalında mühafizəçi yalnız gün ərzində vaxtını keçirməklə məşğul olur.
Xaricdə mühafizə
Dünya ölkələrində özəl mühafizəyə münasibət fərqlidir. Amerika Birləşmiş Ştatlarında, Almaniyada, Avstriyada, qonşu Rusiyada, Qazaxıstanda özəl mühafizə xidmətinin əməkdaşlarına odlu silahdan istifadəyə də icazə verilir. Əgər məqsəd mühafizədirsə, demək ən yüksək səviyyədə olmalıdır. Əfqanıstanda isə 6 ildir özəl mühafizə şirkətlərinin fəaliyyəti dayandırılıb.
Əslində bizim özəl mühafizənin də varlığı ilə yoxluğu elə də hiss olunmur. Silahı olmayan, lazım olanda mübahisə, davaya müdaxilə edə bilməyən, kobud davranan,insanları aldadan, günün binaların ətrafına dövr etmək, yerində saymaqdan ibarət olan mühafizəçiyə nə ehtiyac var?
Şərhlər