Satılmayan avtobus bileti... Aldanan sərnişin... - REPORTAJ - VİDEO
22.04.2016 11:44 Sosreaksiya 772
Bölgələrə avtobusla getmək istəyənlər bilet satışında problemlərlə üzləşirlər. Biletlər xəzinədə bir, sürücüdə isə başqa qiymətə satılır.
FaktXəbər-in verdiyi məlumata görə, TTV-nin əməkdaşları məsələni paytaxt və regionlarda paralel şəkildə araşdırıb.
Bu hal, xüsusən də tətil günlərini bölgələrdə keçirmək istəyənlərin daimi problemidir. Vətəndaşlar kassadan bilet tapa bilmədikdə sürücülərin təklif etdiyi qiyməti ödəməyə məcbur olurlar. Nəticədə bilet dəyərindən təxminən 2 qat baha başa gəlir. Bu, təkcə paytaxtdakı sərnişinlərin problemi deyil. Vəziyyət demək olar ki, bölgələrdə də eynidir.
Avtomobil Nəqliyyat Xidmətinin sözçüsü Şəfa Mehmanqızı günahı vətəndaşlarda görür. “Elə sərnişinlər var ki, kassaya getmək istəmir. Arzuladığı saatda bilet almağa çalışdığındasa yer tapa bilmir”.
Qurum rəsmisi vətəndaşlara biletləri məhz kassadan almağı tövsiyə edir. Avtomobil Nəqliyyat Xidməti süni qiymət artımını aradan qaldırmaq üçün gediş-dönüş biletlərinin satışına da başlayacaq. Yeni sitemin tətbiqi rayondakı kassalar elektronlaşdırıldıqdan sonra reallaşacaq.
Hələ ki, sadəcə paytaxtdan gedən sərnişinlər üçün nəzərdə tutulan bu xidmətdən istifadə etmək çox asandır. Satışa çıxarılan yerlərin əksəriyyətinin ön sıralarda olması sərnişinlərə daha rahat yerdə səfər etmək imkanı da yaradır. Rayon avtovağzallarındakı texniki məsələlər həll olunduqda isə bütün ölkədə online biletdən istifadə ediləcək.
Şərhlər