Güclü külək evlərin dam örtüklərini uçurdu

22.04.2016 13:29     Sosreaksiya     826

Ötən gecədən əsən güclü külək respublikanın bir sıra bölgələrində fəsadlara səbəb olub. Belə ki, güclü külək səbəbindən Şəmkir rayonunda bir sıra kəndlərə elektrik verilişində problem yaranıb, evlərin dam örtüyü zədələnib.

Bundan başqa, Gəncə və Şəmkirdə də güclü külək səbəbindən elektrik dirəkləri aşıb, bəzi kəndlərə elektrik verilişində problemlər yaranıb.

Reaksiya.info xəbər verir ki, Samux rayon icra başçısının birinci müavini Tahir Qarayev Publika.az-a açıqlamasında bildirib ki, hava şəraiti ilə əlaqədar olaraq iki evdə problem yaranıb.

“Qovlarsarı kəndində evlərdən birinin üzərinə ağac aşıb, Tatı kəndində isə külək bir evin dam örtüyünü uçurub. Rayon mərkəzində və digər kəndlərdə evlərə ziyan dəyməyib. Lək, Əlibayramlı  kəndlərində elektrik  xətləri qırılıb. Hazırda problemin aradan qaldırılması üçün işlər aparılır”.

Gəncədə şəhər İcra Hakimiyyətindən bildirdilər ki,  gecə yarısından başlayan güclü külək şəhərin bəzi yerlərində fəsadlara səbəb olub.

“Belə ki, 4-cü mikrorayonda yerləşən 6 saylı binanın və N.Nərimanov küçəsi 12-ci döngədə yerləşən 12 saylı evin dam örtükləri sıradan çıxıb. Bir sıra küçə və prospektlərdə elektrik dirəkləri aşıb və ağaclar qırılıb.

Dərhal Gəncə şəhər İcra Hakimiyyəti və Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin nümayəndələri hadisə yerlərində olub. İlkin tədbirlər nəticəsində artıq qəza baş vermiş yerlərdə sakinlərin işıq təminatı bərpa olunub”.

Məlumatda bildirilib ki, küləyin törətdiyi fəsadları qısa zamanda aradan qaldırmaq üçün şəhər təsərrüfatına dəymiş ziyan müəyyənləşdirilir.

Şərhlər

Çox oxunanlar