Tələbələrə də kredit qadağası qoyula bilər? - İqtisadçılar “od püskürür”

22.04.2016 15:01     Sosreaksiya     777

Maliyyə Bazarlarına Nəzarət Palatasının pensiyaçılara istehlak kreditlərinin verilməsinin dayandırılmasıyla bağlı qərarı iqtisadçılar arasında narazılıqla qarşılanıb. Ekspertlər palatanı absurd qərarlar verməkdə ittiham edir. 


Reaksiya.info-nun AzNews.az-a istinadən məlumatına görə, iqtisadçı-alim Qubad İbadoğlu pensiyaçılara qoyulan qadağanın insan hüquqlarına zidd olduğunu deyib: “Palata bu dəfə də pensiyaçılara qadağa qoydu. 18 gün bundan əvvəl valyuta ilə istehlak kreditlərinin verilməsini 1 ay müddətinə dayandıran Maliyyə Bazarlarına Nəzarət Palatası indi də kredit təşkilatları tərəfindən pensiyaçılara kreditlərin verilməsinin qadağasına dair qərar qəbul edib. Qadağanın hansı müddəti əhatə etdiyi məlum deyil. Qərarın qəbul olunmasına səbəb pensiyaçıların ödəniş qabiliyyətinin aşağı olması ilə bağlıdır. İqtisadi məntiqlə izah olunmayan bu yanaşma bir tərəfdən insan hüquqlarına ziddir, digər tərəfdən də sosial müdafiə sisteminə ciddi zərbə vurur, alıcılıq qabliyyətini, işgüzar fəallığı aşağı salmaqla iqtisadi tənəzzülü dərinləşdirir. 

Hesab edirəm ki, bütün pensiyaçılara eyni kateqoriyada yanaşıb, onların hamısının ödəniş qabiliyyətinin aşağı olmasını düşünmək yalnışdır. 

Birincisi, pensiyaçıların özləri fərqli kateqoriyayada (dövlət qulluqçuları, hərbçilər və s.) müxtəlif səviyyədə təqaüd alırlar. Onlar arasında hətta bu gün işləyənlərin əmək haqlarından daha çox aylıq təqaüd alanlar da vardır. 

İkincisi, pensiyaçılar arasında işləyənlər, təsərrüfatla və fərdi bizneslə məşğul olanlar da vardır ki, onların da ödəmə qabliyyətinə şübhə etməyə dəymir. 

Üçüncüsü, bəzi pensiyaçılar banklarda əmanətlərə malikdir, onlar depozitlərdən, əmlaklarını kirayə verməsindən və digər mənbələrdən də əlavə gəlirlərə malikdir. 

Nəhayət, hətta işləməyən və digər gəlirlərə malik olmayan pesniyaçıların yaşamaq hüququ konstitutsiyada təsbit olunub və onların da da borc vəsaitlərindən faydalanmaq hüququ vardır. Pensiyaçılar üçün bir çox ölkələrdə hətta sosial kredit paketləri də təqdim olunur. 

Görəsən pensiyaçılara kredit verilməsini qadağan edən Maliyyə Bazarlarına Nəzarət Palatasının tələbələrə kredit verilməsinə münasibəti necədir? Axı tələbələrin təhsil alıdığı dövrdə ödəniş qabliyyəti ümumiyyətlə olmur”. 

Ekspert Vüqar Bayramovun fikrincə, beynəlxalq praktikada hansısa yaş qrupuna keditlərin verilməsinin qadağan edilməsi halına rast gəlinmir: “Əgər vətəndaşın ödəmə qabiliyyəti varsa onun yaşından, peşəsindən asılı olmayaraq kredit almaq hüququ olmalıdır. Eyni zamanda, kimə kredit verib-verməmək hansısa qurumun deyil, bankın səlahiyyətindəki məsələ olmalıdır. Müştərinin ödəmə qabiliyyətini bank qiymətləndirməlidir. Eyni zamanda, əgər təqaüdçü yüksək pensiya alırsa və hətta öz həyatını sığorta etdirib kedit üçün müraciət edirsə bank nə üçün ona mənfi cavab verməlidir ki? Ödəmə qabiliyyəti olan pensiyaçı yaşı nisbətən çox olduğuna görə niyə kredit almaq hüququndan istifadə etməməlidir ki? Yaş heç zaman meyar ola bilməz, əsas kriteriya ödəmə qabiliyyəti olmalıdır. Eyni zamanda, beynəlxalq praktikada konkret əhali qruplarına qadağaların tətbiq edilməsi diskriminasiya kimi qiymətləndirilir. Yaş qruplarına görə kredit verilməsinə məhdudiyyətlər tətbiq etməklə problemli kredit məsələsini həll etmək mümkün deyil. Bunun üçün daha kompleks tədbirlərin həyata keçirilməsinə ehtiyac var”. 

Ekspert Məhəmməd Talıblı isə hesab edir ki, bu qərardan sonra pensiyaçılar istehlak krediti ala bilməyəcək: “Kreditə ehtiyacı olanlara həmin kanal bağlanır, kredit ehtiyacı olmayanlara isə kredit qapıları açılır. Kiçik bir azlıq hər şeyə sahib, böyük bir çoxluq isə hər şeydən məhrum olur”.

Şərhlər

Çox oxunanlar