Gömrük ödənişlərindən yayınanlar üçün cəzalar sərtləşir
02.05.2016 14:12 Sosreaksiya 749
Azərbaycanda gömrük ödənişlərindən yayınma ilə bağlı cəzalar ağırlaşdırılır və yeni cəza sanksiyaları tətbiq olunacaq.
Milli Məclisdən APA-ya verilən məlumata görə, Azərbaycan prezidentinin təqdimatı ilə bununla bağlı Cinayət Məcəlləsinin 209-cu (Gömrük ödənişlərinin ödənilməsindən yayınma) maddəsinə əlavə və dəyişiklik təklif edilir.
Maddənin 1-ci bəndinə ediləcək əlavə və dəyişikliyə görə, xeyli miqdarda gömrük ödənişlərinin ödənilməsindən yayınma, cinayət nəticəsində vurulmuş ziyanın 2 mislindən 4 mislinədək miqdarda cərimə və ya 4 ilədək müddətə islah işləri ilə cəzalandırılır. Hazırda isə bu cəza 1 000 manatdan 2 000 manatadək miqdarda cərimədir.
Maddənin 2-ci bəndinə edilən əlavə və dəyişikliyə görə isə, bu, təkrar və külli miqdarda törədildikdə cinayət nəticəsində vurulmuş ziyanın 3 mislindən 5 mislinədək miqdarda cərimə və ya 2 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Hazırda isə bu cəza iki min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləridir.
Maddənin “Qeyd” hissəsinə edilən dəyişikliyə görə isə, külli miqdar dedikdə 100 min manatdan artıq vəsait nəzərdə tutulur.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və mayın 6-da müzakirəyə çıxarılacaq.
Şərhlər