“Böyük Vətən Müharibəsində azərbaycanlılar və ulu öndər Heydər Əliyevin veteranlara qayğısı” mövzusunda görüş keçirilib
10.05.2016 15:56 Sosreaksiya 1344

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Əsgər Ailələrinə Dəstək İctimai Birliyi“Vətənpərvərliyin təbliğində ictimai dəstəyin artırılması” adlı layihənin növbəti tədbirini həyata keçirilib
Layihə çərçivəsində “Böyük Vətən Müharibəsində azərbaycanlılar və ulu öndər Heydər Əliyevin veteranlara qayğısı” mövzusunda Bakı şəhərinin Binəqədi rayonunda yerləşən Bakı Humanitar Kollecinin tələbə və müəllimləri, Xarici Dillər, Mədəniyyət və İncəsənət Universitetlərinin tələbələri ilə Böyük Vətən Müharibəsi veteranlarının görüşü keçirilib.Tədbiri Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədri və layihənin rəhbəri Mətanət Əsgərqızı açıb. O, Böyük Vətən Müharibəsində Azərbaycan xalqının qəhrəmanlığından danışıb. Mətanət Əsgərqızı həmin illərdə Azərbaycan övladlarının istər ön xətdə , istərsə də arxa cəbhədə fədakarlıq göstərdiyinə diqqət çəkib. İctimai Birlik sədri xüsusi vurğulayıb ki, müstəqilliyimizin bərpasından sonra Böyük Vətən Müharibəsi veteranlarının şərəfli adının qayıtması, onlara diqqət məhz Böyük Azərbaycanlı Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra baş verdi. Bu gündə Prezident İlham Əliyev həmin ənənəni davam etdirir. Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədri və layihənin rəhbəri Mətanət Əsgərqızı onu da təəssüf hissi ilə qeyd edib ki, Azərbaycan xalqı Böyük Vətən Müharibəsində faşizmə qarşı mübarizə aparsa da, qaliblərdən biri olsa da bu gün erməni faşizmi ilə üz-üzə qalıb. Tarixçi Boran Əziz çıxış edərək Böyük Vətən Müharibəsi illərində azərbaycanlıların partizan hərəkatında rolundan danışaraq, Qarabağ müharibəsinin qəhrəmanlarının, aprel ayının ilk günlərində hadisələr zamanı igidliklər göstərmiş vətən övladlarının babaların yolunun davamçıları olmasını xüsusi vurğulayıb. Bakı Humanitar Kollecinin direktor əvəzi Talıb Zülfiyev, Müharibəsi Veteranları İctimai Birliyinin sədri Telman Həsənov, belə layihələrin önəmindən danışaraq ,uğurlar dilədilər. Böyük Vətən Müharibəsi veteranları İsafil Həsənov, Məhəmməd Əliyev, Təhməz Əliyev, Məmməd Quliyev, Həbibulla İsmayılov, cəbhə xatirələrindən danışdılar. Dövlətin veteranlara qayğısına görə minnətdarlıq bildirdilər.Onuda vurğuladılar ki, canlarını o zaman ümumi vətən sayılan SSRİ-nin qorunmasına qoyan azərbaycanlılara qarşı ədalətsizliklər oldu. Vaxtı ilə Bakıya Qəhrəman şəhər statusu verilməli idi. Bu baş vermədi. İndidə Azərbaycanın 26 ildən artıqdır düşdüyü Qarabağ bəlasından qurtarması üçün ümid bağladığımız Rusiya dövlətindən heç bir əməli kömək görmürük. Tələbələr isə belə layihələri maliyyələşdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına minnətdarlıq bildiriblər. Tədbir iştirakçıları Ermənistanın Azərbaycana qarşı apardığı müharibənin dayandırılması və düşmənin torpaqlarımızdan çıxarılması üçün Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə Bəyanat qəbul ediblər:
Rusiya Federasiyasının PrezidentiVladimir Putinə.
Hörmətli və cənab Vladimir Vladimiroviç,
Rusiya ilə Azərbaycanın dostluq əlaqələri yüz illərə dayanır.Bu dostluğun davam etdiyinin bu gündə şahidiyik. Elə ona görədə hər zaman yanımızda olmağınızı arzulayırıq.Bu günlər dünyanın bir çox xalqları Alman faşizmi üzərində qələbəni təntənə ilə qeyd edirlər. Bizim üçün xoşdur ki, bu qələbənin əldə edilməsində xalqımızın nümayəndələri də yaxından iştirak edib. Müharibə illərində sovet qoşunlarının tərkibində 700 min azərbaycanlı iştirak edib. Bunların da 11 mini qadın olub. Müharibə illərində 400 minə yaxın azərbaycanlı həlak olub. Onların çox böyük əksəriyyəti Rusiya torpaqlarının qorunması zamanı həlak olublar. Rusiyanın faşist Almaniyası üzərində qələbə qazanmasında Bakı nefti də mühüm rol oynayıb.1941-45-ci illərdə Rusiyanın-SSRİ-nin istifadə etdiyi 110 milyon ton neftin 75 milyon tonunu, təyyarə benzininin isə 85-90 faizini Bakı verib. Azərbaycanlılar müharibə fonduna 15.5 kq qızıl, 952.5 kq gümüş, 295 milyon manat pul vermiş və cəbhəyə 135 vaqon isti paltar göndəriblər. 20 min nəfərdən çox azərbaycanlı qan vermişdi. Müharibə illərində 77-ci, 223-cü, 202-ci, 271-ci, 402-ci, 416-cı milli diviziyalarımız və böyük hissəsi soydaşlarımızdan ibarət olan 227-ci diviziya döyüş əməliyyatlarında qəhrəmanlıqla vuruşublar. Bu fədakarlıqların müqabilində Ermənistan Respublikasının cinayətkar rejimi, Silahlı Qüvvələri torpaqlarımızı işğal edərkən, Xocalıda Soyqırım törədərkən məhz Rusiyanın 366-cı motoatıcı diviziyası onlara kömək etdi. Bu kömək bu gündə davam edir: silah-sursat göndərilir, maddi yardım edilir.
Hörmətli və cənab Vladimir Vladimiroviç,
Qafqazda, xüsusilə də Azərbaycanda sülhün, əmin-amanlığın bərqərar olması üçün Rusiya dövləti Ermənistana yardımı dayandırmalı, aqressiyaya son qoyulmalı, düşmən torpaqlarımızdan çıxmalıdır. Rusiyanın Ermənistana isti münasibəti davam etdikcə bu münaqişə davam edəcək, elə sizlərlə dostluğumuza da kölgə salınacaq. Bu yaxınlarda Rusiyanın Azərbaycandakı səfiiri cənab Vladimir Doroxində bir sıra yaşayış məntəqələrində ermənilərin törədikləri vandalizmi öz gözləri ilə görüb şahid olub. Ölkələrimizin, vətəndaşlarımızın xoşbəxtliyi naminə inanırıq ki, Siz dövlət başçısı və siyasi xadim olaraq haqqın yanında olacaqsız.
Hörmətlə,
Mətanət Əsgərqızı - Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədri
İsafil Həsənov - Böyük Vətən Müharibəsi veteranı
Məhəmməd Əliyev- Böyük Vətən Müharibəsi veteranı
Təhməz Əliyev- Böyük Vətən Müharibəsi veteranı
Məmməd Quliyev- Böyük Vətən Müharibəsi veteranı
Həbibulla İsmayılov- Böyük Vətən Müharibəsi veteranı
Boran Əziz - tarixçi
Talıb Zülfiyev- müəllim
Telman Həsənov - Qarabağ müharibəsi iştirakçısı və ümumilikdə 44 nəfər tələbə.
Bəyanat Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinə və rus, ingilis dillərinə tərcümə edilərək mətbuata göndərilməsi qərara alınıb.
Tədbirin sonunda Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin layihəyə töhvəsi olan “Adsız qəhrəmanlar” film nümayiş olunub.
Şərhlər