DİN-də 113 nəfər işə qəbul edildi
21.05.2016 15:08 Sosreaksiya 1346
Bu gün Daxili İşlər Nazirliyində (DİN) cari ilin əvvəllərində kütləvi informasiya vasitələrində verilən elanlara uyğun olaraq, xidmətə qəbul üzrə keçirilmiş müsabiqənin qaliblərinin orta rəis heyəti vəzifələrinə təyin edilmələrinə həsr olunmuş tədbir keçirilib.
DİN-in Mətbuat xidmətindən Axar.az-a verilən məlumatına görə, nazir general-polkovnik Ramil Usubov iştirakçıları əlamətdar hadisə - zabit rütbələrinə layiq görülmələri, özlərinə çox şərəfli peşə və həyat yolu seçmələri münasibətilə təbrik edərək təyinatın şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında gerçəkləşdiyini, son illər bu praktikadan geniş istifadə olunduğunu xatırladıb.
Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov respublikanın ərazi polis orqan və hissələrində vakant olan orta rəis heyəti vəzifələrinə qəbul üzrə keçirilmiş müsabiqənin şərtlərinə əsasən, dövlət ali təhsil müəssisələrini hüquqşünaslıq ixtisası üzrə bitirmiş 183 məzunun sənədlərinin qəbul edildiyini, Müsahibə Komissiyasından keçərək müsbət nəticə əldə etmiş 113 nəfərin Nazirliyə dəvət edildiyini bildirib. Daxili işlər nazirinin müvafiq əmri ilə müsabiqənin qaliblərindən 31 nəfəri əməliyyat müvəkkili, 71-i sahə inspektoru, 5-i təhqiqatçı, 3 şəxs kadr üzrə inspektor, 3 namizəd isə qeydiyyat və şəxsiyyət vəsiqəsi inspektoru vəzifələrinə təyin ediliblər. Onlardan 6 nəfəri qadınlardır.
Daxili işlər naziri gənc zabitlərə tapşırıq və tövsiyyələrini verib. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilən cinayətkarlıqla qətiyyətli mübarizə, ölkəmizdə sabitliyin dönməzliyinin təmini, insan və vətəndaş hüquq və azadlıqlarının nümunəvi qorunması kursu daxili işlər orqanlarının da üzərinə böyük və məsul vəzifələr qoyur.
Nazir Prezident İlham Əliyevin gənc kadrların hazırlanması və irəli çəkilməsi işinə hər zaman xüsusi önəm verdiyini, nitq və çıxışlarında bunun gələcəyimizi şərtləndirən mühüm amillərdən biri kimi vurğuladığını xatırladıb. Kadr hazırlığı prosesinə xüsusi diqqət və qayğının nəticəsidir ki, indi orta və böyük rəis heyəti vəzifələrində xidmət edən əməkdaşların mütləq əksəriyyəti ali hüquq təhsilli hüquqşünaslardan ibarətdir.
Nazir vətəndaşlara xidmətin şərəfli bir vəzifə olduğunu, digər hüquq-mühafizə orqanları ilə birlikdə gərgin səylər hesabına respublikamızda əmin-amanlığın yaradıldığını, cəmiyyət həyatının bütün sahələrində müşahidə edilən hərtərəfli inkişafın əsasında Ulu Öndərimizin və möhtərəm Prezidentimizin qeyd etdikləri kimi, məhz sabitlik amilinin dayandığını, bu istiqamətdə əldə olunmuş uğurların dövlətimizin başçısı tərəfindən hər zaman yüksək qiymətləndirildiyini nəzərə çatdırıb.
Sonra nazir R.Usubov müstəqilliyin ilk illərində baş vermiş gərgin ictimai-siyasi proseslər, ölkəmizdə yaranmış vətəndaş qarşıdurması, Ermənistanın təcavüzü, partiya mənsubiyyətinə, şəxsi sədaqətinə görə daxili işlər orqanlarına çoxsaylı təsadüfi, səriştəsiz şəxslərin qəbul edildiklərini, kriminogen durumun nəzarətdən çıxması, xalqın təkidilə Ulu Öndər Heydər Əliyevin ali hakimiyyətə qayıdışından sonra cəmiyyət həyatının bütün sahələrində, o cümlədən hüquq-mühafizə fəaliyyəti sahəsində də köklü hüquqi-demokratik islahatların həyata keçirildiyini vurğulayıb.
Qeyd olunub ki, Milli Liderin rəhbərliyi altında güc strukturları, o cümlədən daxili işlər orqanları yenidən formalaşdı, polis orqanlarının qeyri-peşəkar şəxslərdən təmizlənməsi üçün gərgin təşkilati-praktik tədbirlər həyata keçirildi, həm də bunun nəticəsində cinayətkarlıqla qətiyyətli mübarizənin əsası qoyuldu, ölkəmizdə sabitlik bərqərar edildi, kriminogen durum tam nəzarətə götürüldü.
Bildirilib ki, Milli Liderimizin layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin qüdrətlənməsi, vətəndaşlarımızın rifah halının yaxşılaşması üzrə həyata keçirdiyi davamlı tədbirlər Daxili İşlər Nazirliyi sistemində də fəaliyyətin beynəlxalq standartlar səviyyəsində qurulmasında əhəmiyyətli rol oynayıb. Möhtərəm dövlət başçımızın ali diqqət və qayğısı sayəsində orqan və hissələrin yeni məlumat və axtarış texnologiyaları, avadanlıq və vasitələr ilə təmin olunması, şəxsi heyətin sosial müdafiəsinin möhkəmləndirilməsi, iş şəraitinin daha da yaxşılaşdırılması istiqamətində ardıcıl addımlar atılıb.
Daxili işlər naziri R.Usubov onları bir daha təbrik edərək çətin və şərəfli xidmətlərində uğurlar arzulayıb, polis adını uca tutmalarını, bilik və təcrübələrini artırmalarını, daim öz üzərlərində işləmələrini, ən müasir informasiya texnologiyalarına yiyələnmələrini, vətəndaşların müraciətlərinə həssaslıqla və operativ şəkildə yanaşmalarını, fəaliyyətlərində peşəkar həmkarlarının təcrübəsindən yararlanmalarını tövsiyyə edib.
Nazir əmin olduğunu bildirib ki, gənc zabitlər bu yöndə səylərini əsirgəməyəcək, dövlətçiliyə, anda sədaqətlə xidmət edəcək, göstərilmiş etimadı layiqincə doğruldacaqlar.
Şərhlər