Kreditə pul götürmək haramdır, bəs əşya?
21.05.2016 15:37 Sosreaksiya 1859
Azərbaycanda çox az sayda adam olar ki, onun banklara kredit borcu olmasın. Çünki əhalinin əksəriyyəti ya xaricdə işləyən yaxınlarının göndərdiyi pulla, ya da bankdan aldıqları kreditlə dolanırlar. Hətta telefon, hansısa ev əşyasını, hətta geyimlərini belə kreditlə alanlar var. İnsanlar külli miqdarda məbləği banklardan alır, sonra isə onu az-az ödəyirlər, təbii ki, faizi ilə.
Bəzən isə çətin vəziyyətdə qalan insanlar bankın ağır şərtləri ucbatından kredit ala bilmədikdə sələmçilərə üz tuturlar. Bir çoxu bunun günah olduğunu bilsə də, başqa çarə yoxdur deyərək, özlərinə haqq qazandırırlar. Amma hazırkı durumda insanların çarəsizliyi anlaşılandır. Çünki heç kim aldığı məbləğin faizi ilə ikiqatını ödəmək istəməz.
Sələm yeddi ən ağır günahdan biridir və Qurani-Kərimdə Allah-Təala aydın şəkildə buyurur: "Sələm yeyənlər Qiyamət günü qəbirlərindən cin vurmuş kimi qalxarlar. Bu, onların "Alış-veriş də sələm kimi bir şeydir" - dedikləri ucbatındandır. Halbuki Allah alış-verişi halal, sələmi isə haram (qadağan) etmişdir. İndi hər kəs Rəbbi tərəfindən gələn nəsihəti qəbul etməklə bu işə son qoyarsa, keçmişdə aldığı sələmlər onundur (ona bağışlanar). Onun işi Allaha aiddir. Amma yenidən sələmçiliyə qayıdanlar cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar"(Əl-Bəqərə, 275).
Kredit isə faizli borc deməkdir. Faiz də islam dininin ən ağır qadağanlarından biridir. Hazırda müsəlman aləmində bu problemin necə həll edilməsi ilə bağlı müzakirələr də gedir. Hətta Azərbaycanda faizsiz kredit verən islam bankının yaradılması haqqında da fikirlər səslənirdi. Ancaq dini ekspertlərə görə, banklardan kreditlə pul almaqdan fərqli olaraq kreditlə əşya almaq günah hesab edilmir. Ticarət (al-ver) bir malı başqa bir malla dəyişdirmək deməkdir. Borc isə eyni malın müəyyən müddətə qədər dəyişdirilməsi əməliyyatıdır. Düzdür, məntiqlə bankda da pulun satıldığı deyilə bilər. Əslində isə bu alver deyil, borc əməliyyatıdır. Çünki bank əvvəlcə pulu (kredit) verir, sonra da eyni pulu və onun artığını, faizini alır. Yəni vədəli satış və faizin arasında oxşarlıq olmağı onların eyni şey olduğunu göstərmir. Faiz borcdan gələn gəlirdir. Borclar misli ilə qaytarılır. Yəni 100 manat borcu olan 100 manat qaytarır. Əvvəlcədən bağlanan bir müqaviləyə əsasən borclunun ödəyəcəyi (ödədiyi) hər bir artıq miqdar faizdir. Alver isə iki ayrı malı dəyişdirməkdir. Əsl fərq borcun öz vaxtında qaytarılmamağı halında üzə çıxır. Vədəli satışda vaxtında ödənməyən borcun üstünə əlavə bir şey gəlmir. Çünki belə olsa, bu, faiz olar. İnflyasiyanın olduğu bir şəraitdə borcun gecikməsi ucbatından yaranan qiymət itkisini almağın isə faizlə bir əlaqəsi yoxdur. Qısa desək, bu, faiz deyil. Çünki o, borcun yiyəsinin ziyana düşməyinin qarşısını almaq və borclunun nahaq yerə qazanc götürməyinə mane olmaq üçündür.
Reaksiya.info musavat.com-a istinadən bildirir ki, dini ekspert Kənan Rövşənoğlu kreditlə bağlı müxtəlif fikirlərin olduğunu deyib: "Kreditlə bağlı müxtəlif fikirlər var. Hazırda müsəlman aləmində bu mövzunun necə həll ediləcəyi ilə bağlı müxtəlif yanaşmalar var. Bir alternativ budur ki, müsəlman bankları yaradılsın və faiz deyil, islam qanunlarına əsasən şəriklik və digər alternativ üsullardan istifadə edilsin. Bunun örnəkləri var, hətta Azərbaycanda da Beynəlxalq Bankın bir bölməsində tətbiq olunmuşdu. Bir başqa variant da bu idi ki, müsəlmanlar da Qərbdə tətbiq olunan bank sistemində davam etsin, müəyyən şərtləri nəzərə almaqla.
Çünki dünya inteqrasiya edir, ayrılmaq olmur. 3-cü variant da budur ki, bəzi şərtlər tətbiq olunsun. Yəni məsələn, pul krediti birbaşa faiz tətbiq olunduğu üçün möhtəkirlik, yəni sələmçiliyə səbəb olduğu üçün qadağan olunsun. Amma məsələn, əşya, avtomobil, ev kimi mal və məhsulların alınmasında kredit şəklində almağa icazə verilir. Çünki bu zaman alınıb-satılan pul deyil, maldır. Müştəri bu məhsulu daha uzun müddətə və hissə-hissə ödədiyi üçün satana daha artıq pul ödəməsi normaldır. Bu izahat da şərtidir, amma bundan çıxış edərək bir sıra alimlər əşya və məhsulun kreditlə alınmasında maneə görmürlər".
Şərhlər