Mübariz Qurbanlı: “Ayrılan maliyyə yardımı dini radikalizmlə mübarizə istiqamətində də sərf edilməlidir”

09.07.2015 15:06     Sosreaksiya     1535

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) bu gün maliyyə yardımı ayrılmış daha 10 dini icma sədrinin iştirakı ilə toplantı keçirilib.
 
Komitədən APA-ya verilən məlumata görə, toplantıda Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı müvafiq sərəncamın əhəmiyyətindən danışıb.
 
Komitə sədri bildirib ki, maliyyə vəsaitinin icmalara verilməsi ilə bağlı Qiymətləndirmə Komissiyası icmalar tərəfindən təqdim edilən layihələri müzakirə etdikdən sonra həmin layihələrə uyğun olaraq icmalara vəsaitin ayrılması barədə qərar qəbul edib. Ayrılan maliyyə yardımının müvafiq icmalar tərəfindən yerlərdə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işinin daha da gücləndirilməsinə, eləcə də dini radikalizmlə mübarizə istiqamətində sərf edilməli olduğunu vurğulayan M. Qurbanlı, icmalar tərəfindən layihələrin reallaşmasının radikalizmlə mübarizədə də öz müsbət təsirini göstərəcəyini bildirib. Dövlət Komitəsinin sədri dini icma nümayəndələrinə həyata keçirəcəkləri layihələrə daha çox gəncləri cəlb etmələrini tövsiyə edib: “Milli –mənəvi dəyərlərimiz olduğu kimi gənclərə çatdırılmalıdır ki, bu işdə də dini icma rəhbərlərinin üzərinə böyük məsuliyyət düşür”. Tədbirin sonunda dini icma sədrləri çıxış edərək, bu sahəyə göstərdiyi diqqət və qayğıya, həmçinin dini icmalara ayrılan vəsaitə görə dövlət başçısı İlham Əliyevə təşəkkürlərini bildiriblər.

Şərhlər

Çox oxunanlar