Əfqanıstanda təyyarə qəzası nəticəsində həlak olmuş azərbaycanlı heyət üzvlərindən birinin meyiti tanınıb

21.05.2016 16:51     Sosreaksiya     1018

Əfqanıstanda qəzaya uğrayan “Silk Way” aviaşirkətinin “An-12” yük təyyarəsinin həlak olan üzvlərindən birinin meyiti tanınıb.

"Report" xəbər verir ki, tanınan meyit təyyarənin bort operatoru, 1973-cü il təvəllüdlü Zülfiyev Azər Ağakişi oğluna aiddir.

Mərhumun qohumlarının "Report"a verdiyi məlumata görə, meyit A.Zülfiyevin boyu və dişindən tanınıb. Çünki onun boyu təyyarədə olan digər şəxslərdən uzun, dişləri isə fərqli olub: "Yaxın vaxtlarda Azərin meyiti bizə təhvil veriləcək. O, Xızı rayonunun Giləzi kəndində dəfn olunacaq".

Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən "Report"a bildirilib ki, digər şəxslərin meyitləri 20 gün ərzində doğmalarına təhvil veriləcək: "DNT analizinin nəticələri 20 gün ərzində bilinir".

Xatırladaq ki, qəzaya uğrayan təyyarə Əfqanıstan daxilində yük daşımalarını həyata keçirmək məqsədilə “Silk Way” şirkətindən icarəyə götürülüb. Təyyarə Dvayerə Baqrandan (Əfqanıstan) gəlib və yanacaq doldurulması üçün Marı şəhərinə (Türkmənistan) yola düşüb. Təyyarənin göyərtəsində yük olmayıb.

Təyyarənin göyərtəsində 9 ekipaj üzvü - Şaydanov Rəşid Rəhmanoviç (Özbəkistan vətəndaşı, hava gəmisinin kapitanı, 1953-cü il təvəllüdlü), Abdullayev Altay Oqtay oğlu (Azərbaycan vətəndaşı, ikinci pilot, 1971-ci il təvəllüdlü), Əsədullayev Nazim Orucəli oğlu (Azərbaycan vətəndaşı, şturman, 1968-ci il təvəllüdlü), Rzayev Nadir Adıgözəl oğlu (Azərbaycan vətəndaşı, bortmühəndis, 1964-cü il təvəllüdlü), Şahverdiyev Firdovsi Şir oğlu (Azərbaycan vətəndaşı, radio-operator, 1964-cü il təvəllüdlü), Zülfiyev Azər Ağakişi oğlu (Azərbaycan vətəndaşı, bort operatoru, 1973-cü il təvəllüdlü), Zadnipryanets Ruslan Vladimiroviç (Ukrayna vətəndaşı, texnik, 1969-cu il təvəllüdlü), Qanja Andrey Nikolaeviç (Ukrayna vətəndaşı), texnik, 1955-ci il təvəllüdlü, Əliyev Rəmzi Mamudoviç (Ukrayna vətəndaşı), texnik, 1963-cü il təvəllüdlü olub.

Hadisə nəticəsində texniklər Qanja Andrey və Əliyev Rəmzi sağ qalıb. Onların vəziyyəti stabil qənaətbəxş olaraq qiymətləndirilir.

“An-12” təyyarəsinin “qara qutuları” Bakıya gətirilib və onların vəziyyəti qənaətbəxş kimi qiymətləndirilir. “Qara qutular"ın oxunması ilə Azərbaycan tərəfi Dövlətlərarası Aviasiya Komitəsinin (DAK) mütəxəssisləri ilə birlikdə məşğul olacaq.

Azərbaycan Mülki Aviasiya Administrasiyası tərəfindən yaradılmış komissiyanın nümayəndələri hadisə yerində işləri davam etdirirlər.

Şərhlər

Çox oxunanlar