Taleh Bağırovun müavininin şikayəti təmin edilməyib

23.05.2016 16:24     Sosreaksiya     1276

Bakı Apellyasiya Məhkəməsində “Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın sədr müavini Elçin Qasımovun şikayətinə baxılıb.

 

Vəkil Elnur Nəbiyevin APA-ya verdiyi məlumata görə, məhkəmə şikayəti təmin etməyib.


Qeyd edək ki, aprelin 23-də Nəsimi rayon Məhkəməsində E.Qasımov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti üç ay artırılıb. O, barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi üçün məhkəməyə müraciət edib. Nəsimi rayon Məhkəməsi şikayəti təmin etməyib. Həmin qərardan apellyasiya şikayəti verilib.

 

 “Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın sədri Taleh Bağırovdur. O, ötən il noyabrın 26-da Nardaran qəsəbəsində polisin keçirdiyi əməliyyat zamanı tərəfdarları ilə birlikdə saxlanılıb. E.Qasımov isə noyabrın 5-də tutulub. E.Qasımov Cinayət Məcəlləsinin 221.2.2 (xuliqanlıq, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) və 315.1 (Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə) və digər maddələri ilə ittiham olunur. 

Şərhlər

Çox oxunanlar