Bina uçdu, 1 nəfər öldü, 3 nəfər yaralandı - VİDEO - FOTOLAR
31.05.2016 18:00 Sosreaksiya 2002
Dağıntılar altında hələ 10 nəfərin olduğu deyilir.
Rusiyanın Kemerovo vilayətinin Mejdureçenske şəhərində beşmərtəbəli binanın bir girişi dağılıb. ANS PRESS-in məlumatına görə, bu barədə Sibirregional mərkəzinin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri İrina Butenko bildirib.
Butenkonun sözlərinə görə, hadisə yerinə dərhal aidiyyatı qurumlar cəlb olunub. Girişin uçması nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb. Yaralılar dərhal xəstəxanaya çatdırılıblar, onların vəziyyəti orta ağır kimi qiymətləndirilir.
Qurum rəsmisi dağıntılar altında hələ on nəfərə yaxın insanın qaldığını deyib: "Artıq dağıntılar altından iki nəfər xilas edilib".
Bildirilir ki, girişin uçması nəticəsində 16 mənzilə ziyan dəyib, mənzillərin yarısı tamamilə dağıdılıb. Hazırda dağıntılar altında qalanları xilas etmək üçün hadisə yerinə 175 xilasedici və 39 texnika cəlb olunub.
Hadisənin hələ ki hansı səbəbdən baş verdiyi bəlli deyil. Bununla bağlı araşdırmalar gedir. Kemerovo vilayəti üzrə istintaq idarəsi "tikinti işlərinin aparılması zamanı təhlükəsizlik qaydalarına əməl etməmə" maddəsi ilə iş qaldırıb.
İlkin məlumata görə, birinci mərtəbədə mağaza olub və orada təmir işləri gedib. Müstəntiqlər hazırda həmin məkanda işlərin qanuni və ya qeyri-qanuni getdiyini araşdırır. Məsələ ilə bağlı inşaatçılar saxlanılıb.
Məlumata görə, binanın üçüncü girişinin birinci mərtəbədən beşinci mərtəbəyə qədər uçması ilə bağlı bina sakinləri təxliyə olunublar. Hazırda evləri tamamilə uçmuş bina sakinlərinin yerləşdirilməsi məsələsi həll olunur.
Şərhlər