`Heydər Əliyev Fondunun təşəbbüsü ilə 30 min insan azad edilib`
04.06.2016 17:33 Sosreaksiya 1197
Bu gün Baş Prokurorluqda Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə “28 May - Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin 20 may 2016-cı il tarixli qərarının prokurorluq orqanlarında tətbiqi” mövzusunda seminar keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Dövlət ittihamının müdafiəsi və Hüquqi təminat və informasiya idarələri tərəfindən təşkil edilmiş tədbirdə “Amnistiya aktının icrasının prokurorluq orqanlarında təşkili” mövzusunda çıxışlar edilib, amnistiya aktının icrası ilə əlaqədar prokurorluq əməkdaşlarının qarşısında duran vəzifələr barədə ətraflı məlumat verilib.
Xüsusi vurğulanıb ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin mərhəmət, insanpərvərlik məfkurəsindən çıxış etmək, humanizm ideyalarını həyata keçirmək dövlətimizin siyasətinin əsas prioritetlərindəndir. H. Əliyevin möhkəm təməllər üzərində əsasını qoyduğu humanizm siyasətini uğurla davam etdirən prezident İlham Əliyev əfvetmə institutunun çevik və işlək mexanizm əsasında fəaliyyətini təmin edərək cinayət törətmiş şəxslərin bağışlanması ənənəsini inkişaf etdirib. Bu amallara sadiq qalan M. Əliyevanın təşəbbüsü ilə Milli Məclis tərəfindən amnistiya aktının qəbul edilməsi H. Əliyevin əsasını qoyduğu xeyirxahlıq ənənələrinin davamının əyani təcəssümüdür. Bildirilib ki, fəaliyyətində humanizm və insanpərvərlik ideyalarını rəhbər tutan, qayğı və yardıma ehtiyacı olan insanlara daim kömək edən Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2007-ci ildən başlayaraq qəbul edilmiş amnistiya aktları əsasında 30 minə yaxın məhkum müxtəlif növ cəzalardan azad edilib.
Amnistiyanın prokurorluq orqanlarında vaxtında və dürüst icra olunmasının təmin edilməsi məqsədi ilə Baş Prokurorluq üzrə “28 May - Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin 20 may 2016-cı il tarixli qərarının icrası ilə əlaqədar prokurorluq orqanlarının vəzifələri barədə” 25 may 2016-cı il tarixli əmr tədbir iştirakçılarının nəzərinə çatdırılmaqla prokurorluq orqanları işçiləri tərəfindən amnistiya aktının dərindən öyrənilməsi və təbliğinin əhəmiyyəti vurğulanıb. Eyni zamanda qərarın humanist mahiyyətinin barələrində amnistiya tətbiq ediləcək şəxslərə izah olunması və gələcəkdə qanuna zidd hərəkətlərin yolverilməzliyi barədə onlarla fərdi söhbətlərin aparılmasının zəruriliyi bildirilib. Prokurorluq əməkdaşlarına amnistiya aktına əsasən cəzadan azad edilmiş məhkumların sosial adaptasiyası məqsədi ilə “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” qanunda nəzərdə tutulmuş tədbirləri həyata keçirən müvafiq icra hakimiyyəti orqanlarına səlahiyyətləri daxilində köməklik göstərmələri tövsiyə edilib.
Tədbirdə qərarın icrası mexanizmlərinin təkmilləşdirilməsi, prokurorluq əməkdaşlarının amnistiyanı tətbiq edəcək dövlət orqanları ilə qarşılıqlı səmərəli əməkdaşlığı məsələləri müzakirə olunub.
Şərhlər