Təhlükəli mövsümlə bağlı xəbərdarlıq: İlan sancarkən nələri etmək olmaz?

05.06.2016 15:30     Sosreaksiya     1838

Azərbaycan Səhiyyə Nazirliyi Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov yay mövsümünün yaxınlaşması ilə əlaqədar insanları həşərat sancmalarına məruz qalmamaları üçün ehtiyatlı olmağa çağırıb.

A.Maqsudov Trend-ə bildirib ki, havalar istiləşəndə hörümçəyin bir növü olan qara qurd və sarı, qara əqrəblərdən zəhərlənmə halları olur. Buna görə də insanlar özlərini bu həşəratlardan qorumalıdırlar: "Hələlik havalar sərin keçdiyindən bu həşəratlardan zəhərlənmələrlə bağlı müraciətlər edilməyib. Ancaq havalar istiləşən kimi bununla bağlı müraicətlərin daxil olacağı gözlənilir".

A.Maqsudov deyib ki, bu il qara qurd sancması ilə əlaqədar 3, əqrəb sancması ilə əlaqədar 5 nəfər xəstəxanaya müraciət edib.

Toksikoloqun sözlərinə görə, ilan sancmaları bu il aprel ayından qeydə alınmağa başlayıb. Apreldən indiyədək ilan çalması ilə əlaqədar 18 nəfər xəstəxanaya müraciət edib. Onlardan 13 nəfəri xəstəxanaya yerləşdirilib. Həmin şəxslərin 2-nin vəziyyəti ağır, qalanlarının vəziyyəti isə orta ağır olub. Bu il ilan və həşərat sancmaları nəticəsində ölüm hadisəsi olmayıb.

Ötən illə müqayisədə ilan və həşərat sancmaları ilə bağlı müraciətlərin sayının hələlik az olduğunu deyən A.Maqsudov bildirib ki, ilan sancan zaman ilkin əlamətlər özünü çox tez büruzə verməyə başlayır. Sancmadan sonra dəridə qızarma, şiş yaranır, ağrılar olur. Bu əlamətlər getdikcə özünü daha kəskin göstərməyə başlayır.

A.Maqsudov bildirib ki, Azərbaycanda insanları əsasən sarı əqrəb sancır. Sancmadan sonra dişlənmiş nahiyədə şiddətli, dözülməz ağrı olur. Belə şəxslərdə qısa müddət ərzində ürək döyüntüsü, hava çatışmazlığı halları yaranır, qan təzyiqi aşağı düşür.

O qeyd edib ki, arı sancdıqda qızartı yaransa və ağrı olsa da, həmin yerə buz qoyulduqda bu əlamətlər getdikcə azalır.

Toksikoloqun sözlərinə görə, ilan sancdıqda ilkin tibbi yardım olaraq, həmin yerə yod məhlulu və tibbi spirt sürtmək lazımdır. Belə şəxs çox hərəkət etməməli, imobilizasiya vəziyyətində olmalıdır və onu təcili həkimə çatdırmaq lazımdır: "Zəhəri sovurmaq, ya da oraya sarımsaq, qatıq və s. sürtmək olmaz. Çünki onda həmin yerdə infeksiyalaşmış yara əmələ gəlir. İlan sancan adamlara turna da bağlamaq məsləhət deyil. Bunu bağlamağın bir o qədər əhəmiyyəti yoxdur. Kimsə turna bağlasa, bu, çox qısa müddətə - 20-30 dəqiqəlik olmalıdır, o da çox sıxılmamalıdır. Turnanın bağlanıldığı vaxt da mütləq qeyd edilməlidir".

A.Maqsudov deyib ki, əqrəb sancmaları, əsasən, Bakıətrafı ərazilərdə qeydə alınır. İlan sancmaları ilə əlaqədar müraciətlər isə Bakının Xəzər rayonu Zirə qəsəbəsi, Suraxanı rayonu Bülbülə qəsəbəsindən, tək-tək hallarda Qaradağ rayonundan, eləcə də bölgələrdən - Şamaxı, Qəbələ, Ağsu, Şəmkir və Tovuzdan daxil olur.

Şərhlər

Çox oxunanlar