Bakıda əkiz uşaq dünyaya gətirən ana ölüm ayağındadır

07.06.2016 15:40     Sosreaksiya     1897

Xəstə atonomik qanaxmaya görə süni koma vəziyyətinə salınıb.

Bakıdakı xəstəxanalardan birində doğuşdan sonra ana komaya düşüb. ANS PRESS-in məlumatına görə, hadisədə qadının qohumları həkimi günahkar bilirlər.

Doğuşu Öndar Tulumbacı adlı türkiyəli həkim qəbul edib. Doğuş qeysəriyyə yolu ilə olub. İrina Polikarpovanın iki əkiz övladı dünyaya gəlib. 

"Bizə xəbər verdilər ki, İrina da yaxşıdır, uşaqlarda. Həkim dedi ki, evə gedə bilərik. Amma az keçmədi ki, xəstəxanaya təcili yardım gəldi, həkimlər təşvişə düşdü. Məlum oldu ki, təcili yardım İrina üçün gəlibmiş həkim onu halı pisləşdiyi üçün başqa xəstəxanaya aparmaq istəyib. Amma biz buna icazə vermədik. Nə baş verdiyini soruşanda isə, İrinada qanaxmanın olduğunu (atonik qanaxma) və vəziyyətinin ağırlaşdığını öyrəndik", - deyə komada olan ananın qaynı Andrey bildirdi.

Andreyin sözlərinə görə, gəlinləri həkim səhlənkarlığından bu hala düşüb. Şikayətçi eyni zamanda gəlinlərinin uşaqlığının və yumurtalığlarının çıxarıldığını və ona çoxlu qan vurulmaq üçün donor axtarıldığını bildirdi.

Hazırda İrinanın olduğu xəstəxana ilə əlaqə saxladıq. Həkim Öndər Tulunbacının orada işləmədiyini, sadəcə əməliyyatlar zamanı həmin xəstəxanaya gəldiyini öyrəndik. Həkimlə danışmaq istəsək də, onun hazırda xəstəxanada olmadığı bildirildi. 

Xəstə İrina Polikarpovanın isə reanimasiyada olduğu və vəziyyətinin ağır olaraq qaldığı söylənildi. 

Anton və İrina Polikarpovlar
Anton və İrina Polikarpovlar

Araşdırmalarımız zamanı bəlli oldu ki, Öndər Tulunbacı Bakıda fəaliyyət göstərən türk klinikalarından birinin həkimidir. Həmin xəstəxana ilə də əlaqə saxladıq. Bizə bildirdilər ki, Öndər Tulunbacının xəstəsi həqqdin artıq çoxdur və boş vaxtı olan kimi özü bizimlə əlaqə saxlayacaq. 

Biz və eləcə də hadisədən xəbərdar olan hər kəs həkimin cavabını gözləyirik. Həqiqətən də mi bu həkim səhlənkarlığıdır, yoxsa, doğuş zamanı baş verən nadir hallardan biridir ki, o da İrina Polikarpovanın başına gəlib. Hər halda, daha düzünü həkim bilir, biz də onun cavabını gözləyirik...

Öndər Tulumbacı
Öndər Tulumbacı

"Atonik qanaxma uşaqlıq əzələlərinin boşalması zamanı baş verir. Bu adətən dölün iri olduğu zaman, əkiz hamiləlik zamanı və yaşı çox olan anaların doğuşu zamanı baş verən haldır. Dünya üzrə atonik qanaxma ana ölümünün səbəblərindən biri kimi qeyd olunur".

Bu sözləri isə Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanısının ginekoloqu və doğuş həkimi Gülnarə Süleymanova uşaqlığın atonomiyasının nə olduğunu izah edərkən bildirib.

Gülnarə həkimin sözlərinə görə, əgər bu halın qarşısı vaxtında alınarsa, o zaman bu faciə ilə bitməz, yəni ana sağ qala bilər. "Atonik qanaxma zamanı dərhal uşaqlıq amputasiya olunmalı, anaya qan vurulmalıdır. Bunu gecikdirmək, artıq ana ölümü deməkdir. Ananın həyatı göstərişi üçün bunu etmək mütləqdir. Çünki uşaqlıq boşalır, qanaxmaya meyillilik yaradır".

"Atonik qanaxma bir başa doğuş zamanı baş vermir. Doğuş çox normal keçə bilər. Doğuşdan iki saat sonra, bəzən gecikmiş, yəni 3-4 saat sonra da bu hal yarana bilər. Doğuşdan sonra uşaqlıq yığılmır, boşalır (uşaqlığın subinvolusiyası), əzələlər boşalır və bütün toxumalardan qan axmağa başlayır", - deyə həkim ginekoloq bildirdi.

Gülnarə Süleymanova onu da əlavə etdi ki, normalda doğuşdan sonra uşaqlıq yığılır, sərtləşir. Daha sonrakı vaxtlarda ana süd verdikcə, orqanizm oksidatin istehsal edir və oksidatin fonunda uşaqlıq başlayır öz formasını almağa. 

Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanısının ginekoloqu
Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanısının ginekoloqu

 

Şərhlər

Çox oxunanlar