Tərtər və Ağdamda partlamamış hərbi sursat tapılıb - FOTOLAR
07.06.2016 18:33 Sosreaksiya 1585
Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən iyunun 7-də Füzuli,Ağdam və Tərtər rayonlarında 5 ev və həyətyanı sahə, 5 əkin sahəsi, 31 partlayış yerinə baxış keçirilib.
ANAMA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, baxış zamanı Tərtər və Ağdamda 3 ədəd partlamamış hərbi sursat (1 ədəd 122 mm-lik top mərmisi, 1 ədəd 100 mm-lik top mərmisi və 1 ədəd 9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar olunaraq götürülüb və gün ərzində 61 710 kv. m ərazi təmizlənib.
Ümumilikdə Agentlik tərəfindən 7 aprel - 7 iyun 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 585 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 21 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilmiş, 1 507 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə POMZ-2 və 7 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.
Hazırda ANAMA tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.
Şərhlər