İsmayıllıda təhlükə - 7 ailə çadıra köçürüldü

09.06.2016 14:51     Sosreaksiya     1487

Meşə ərazisində sürüşən torpaq Sulud kəndinə doğru hərəkət edir.

“İsmayıllı rayonunun Sulud kəndi ərazisindəki torpaq sürüşməsi aktiv fazadadır və hazırda 50 hektardan artıq ərazini əhatə edir”. Bu sözləri ANS PRESS-ə İsmayıllı rayon Fövqəladə Hallar Komissiyasının (FHK) sədri Rövşən Ağayev deyib. Onun sözlərinə görə, sürüşən kəndin yuxarı hissəsindəki meşənin ərazisidir və həmin ərazidə iri çatlar var: “Bu ərazidə sürüşməkdə davam edən və iri ağaclar olan meşə sahəsidir. Eyni zamanda hərəkət edən torpaq kəndə doğru gəlir. Artıq kənddəki 7 ev təhlükə mənbəyi olduğu üçün həmin evlərdə yaşayan ailələr yaxınlarının yanına köçürülüb”.

Dünənə qədər yaxınlarının evində yaşayan həmin ailələrə ötən gün Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən çadırlar paylanıb və həmin ailələr təhlükəsiz ərazidə qurulan çadırlarda məskunlaşıblar.

Burada ən diqqət çəkən məqam isə sürüşmə zonasında yerləşən 7 evin hamısının sığortasının olmasıdır. Baxmayaraq ki, o yaşayış evlərinin bəzilərinin yaşı hətta 100 ildən də çoxdur. Ekologiya Nazirliyinin geoloqları hər gün ərazidə aktiv müşahidə aparırlar. 

 Ələmdar Piriyev - Ekologiya və Təbii Sərvətlər Nazirliyinin geoloji kəşfiyyat xidmətinin rəisi
Ələmdar Piriyev - Ekologiya və Təbii Sərvətlər Nazirliyinin geoloji kəşfiyyat xidmətinin rəisi

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev ANS PRESS-ə bildirib ki, sürüşmənin sahəsi ilk günlər kiçik idi - uzunluğu 750-800, eni 350-400, hündürlüyü isə 2-5 metr. Sürüşmə ilk günlərdə iki bloka ayrılmışdı. Son günlər isə həmin bloklardan birində sürüşmə fazası artdı və uzunluğu 750-800 metrdən 3 kilometrə qədər yüksəldi:

“Həmin ərazidə hazırda əməkdaşlarımız tərəfindən mütəmadi olaraq monitorinq aparılır. Ərazinin sürüşüb kəndə gedəcəyini demək hələlik mümkün deyil. Sürüşmə zonasında bəzi çatlar əmələ gəlib ki, uzunluğu 20-75 metr, eni isə 12 santimetrdən 1.5 metrə qədərdir. Yəqin ki, yağışlar davam etdikdə bu çatların miqdarı daha da genişlənəcək. Bu ərazi qırılma zonasıdır, tektonik proseslər nəticəsində əmələ gəlməyib. Yağıntılar nəticəsində yaranan problemdir”.

Ə. Piriyev ərazidə hələlik bərkitmə işlərinin aparılmasının mümkün olmayacağını bildirdi.

İki il əvvəl də qonşu kəndlərdən birində sürüşmə baş verib.

 

Şərhlər

Çox oxunanlar