Gözdən əlillər üçün tikilən binaya görə pul verənləri kim aldadıb? - Doğrudanmı işin ucu Nərimanov rayon İcra Hakimiyyətinə kimi gedib çıxır? - VİDEO - FOTOLAR
10.06.2016 09:00 Sosreaksiya 4271
Bu günlərdə Reaksiya.az saytina bir qrup Bakı şəhər sakini tərəfindən müraciət daxil olub. Belə ki, onlar bildirirlər ki, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abidin Fərzəliyev, Azərbaycan Gözdən Əlilllər Cəmiyyətinin sədri Səmiyar Abdullayev tərəfindən aldadılıblar. 100 - ə yaxın insana rəsmi olaraq Bakı şəhər İcra Hakimiyyətinin və Nərimanov rayon İcra Hakimiyyətinin səlahiyyətli şəxslər tərəfindən imza atılmış, üzərində dövlət gerbi olan və möhürlə təsdiqlənən sənədlər təqdim etdikdən sonra onlardan külli miqdarda pul alıblar. Ortada isə nə fal var, nə də yumurta.
Şikayətçilər deyir ki, 2012 – ci ildən 2016- cı il fevral ayına kimi onları bir gün ərzində əvvəllər yaşadıqları əraziərdən qeydiyyatdan çıxartdırıb bir günün içində Azərbaycan Gözdən Əlillər Cəmiyyətinə aid olan Fətəli xan Xoysk küçəsi 123A ünvanında yerləşən yataqxanaya qeydiyyata alıblar. Bir neçə gün ərzində onlara üzərində Bakı Şəhər İcra Hakimiyyətinin aparat rəhbəri Rasim Quliyevin və Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abidin Fərzəliyevin imzaları atılan və möhürləri ilə təsdiqlənən sərəncamlar verilib. İşin ən maraqlı tərəfi orasıdır ki, həmin şəxslər həmin Sərəncamların verilməsi üçün toplanan heç bir sənədə qol çəkməyib və həmin sənədləri gedib şəxsən özləri təqdim etməyiblər. Düzdür, bir – iki dəfə onlara binaya və hətta mənzillərə baxmağa icazə veriblər, amma mənzil sahiblərinə necə deyərlər, ancaq baxmaq qalıb. Əvəzində isə... Əvəzində isə əhalidən pulu alan Məzahir Nəsibov bu işi həyata keçirənlər tərəfindən Almaniyaya getməsi üçün şərait yaradılıb. Amma adıçəkilən şəxs də internet vasitəsi ilə videoyazı yayıb və pulları aidiyyatı üzrə kimlərə verdiyini bildirib. O, qeyd edib ki, əhalidən yığılan pulları Nərimman rayon İcra Hakimiyyətinin başçısı Abidin Fərzəliyevə çatdırılması adı ilə Hikmət Şükürova, Səmiyar Abdullayevə və Nərimanov RİH - də məsləhətçi vəzifəsində çalışan Yomətdin Şıxəliyev adlı məsul şəxsə verib.
Dörd ildir ki, öz halal mənzillərini ala bilməyən insanların isə üz tutmadığı, şikayət etmədiyi yer qalmayıb. Onlar hazırda nə pullarını geri ala bilirlər, nə də mənzillərini... Bu gün isə havadan asılı vəziyyətdə qalıblar. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin korrupsiya və yeyinti halları ilə geniş şəkildə mübarizə aparmağı və fiziki əlilliyi olan insanların cəmiyyətə inteqrasiyası ilə qəti göstərişi olduğu bir zamanda maraqlıdır ki, bəs bu məmur özbaşınalığı nəyə xidmət edir? Ortaya bəzi suallar çıxır... 100 - ə yaxın vətəndaş(ki, onların heç biri əlil deyil) necə və niyə bir günün içində Azərbaycan Gözdən Əlillər Cəmiyyətinə aid olan Fətəli xan Xoysk küçəsi 123A ünvanında yerləşən yataqxanaya qeydiyyata alınıblar? Necə olub ki, həmin binadan mənzil alacaq şəxslər həmin Sərəncamların verilməsi üçün toplanan heç bir sənədə qol çəkmədilər və gedib şəxsən özləri təqdim etmədilər? Niyə indiyə kimi həmin şəxslər evlə təmin olunmurlar? Bütün bunlar əlbəttə ki, cavabı verilməli olan suallardır. Bu yöndə “Reaksiya.az” Portalı olaraq araşdırmalarımızı davam etdirəcəyik. Qarşı tərəfin də fikrini hər zaman öyrənməyə hazırıq.
Şərhlər