Azərbaycandan Rusiyaya buraxılmayan gilaslarla bağlı açıqlama
17.06.2016 18:24 Sosreaksiya 1268
"Sahibkar gilası əl yükü kimi keçirmək istəyib".
"Sərhəddə 45 kiloqramlıq gilası müsadirə edilən sahibkar məhsulun Rusiyaya ixrac olunması ilə bağlı bizə müraciət etməyib". ANS PRESS-in məlumatına görə, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin mətbuat katibi Rövşən Ziya bildirib.
Onun sözlərinə görə, azərbaycanlı 45 kiloqramlıq gilas məhsulunu əl yükü kimi qanunsuz olaraq qonşu ölkəyə keçirmək istəyib. "Ümumiyyətlə isə Rusiya və digər ölkələrə məhsul ixrac edən sahibkarlar əvvəlcə Dövlət Xidmətinin müvafiq Rayonlararası Bitki-Karantin Məntəqələrinə müraciət etməli, yük müvafiq prosedurlardan keçdikdən sonra imtina üçün əsas olmadıqda yükə fitosanitar sertifikat verilir".
Qurumdan verilən məlumat görə, bu ilin əvvəlində Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında kənd təsərrüfatı və ərzaq məhsullarının ixracı ilə bağlı yaranan problemlər artıq aradan qaldırılıb və azərbaycanlı sahibkarlar rahat şəkildə Rusiya ilə idxal-ixrac əməliyyatı həyata keçirə bilirlər.
İyunun 16-da Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidməti (“Rosselxoznadzor”) Dağıstan Respublikası İdarəsinin mətbuat xidməti, Azərbaycan Respublikasından Rusiya Federasiyasına aparılan 45 kiloqram gilas məhsulunun "Yaraq-Kazmalar" buraxılış məntəqəsində saxlanılması ilə bağlı məlumat yayıb.
“Rosselxoznadzor” saxlanılan şəxsin kimliyi və məhsulun saxlaması ilə bağlı DFNX-yə heç bir məlumat verməyib.
Şərhlər