Azərbaycanda hər 100 min nəfərə 5 intihar halı düşür
24.06.2016 14:04 Sosreaksiya 1168
Psixi Sağlamlıq Mərkəzinə müraciət edənlərin sayı artıb
Bu il Azərbaycanda Psixi Sağlamlıq Mərkəzinə müraciət edənlərin sayı artıb. Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin (PSM) direktoru Fuad İsmayılov APA-ya açıqlamasında bildirib ki, ötən il həftədə 50 nəfər mərkəzə müraciət edirdisə, indi həftədə 100-dən çox müraciət daxil olur. Onun sözlərinə görə, müraciətlərdə depressiya halları üstünlük təşkil edir: “Bütün dünyada olduğu kimi Azərbaycanda da depressiya halları kişilərə nisbətən qadınlar arasında üstünlük təşkil edir və 2 dəfə çoxdur. Bunun da səbəbləri qadınların daha emosinal, həssas olması, daha çox zorakılıq və digər hallarla qarşılaşmasıdır”.
İntiharlara gəlincə, F.İsmayılov qeyd edib ki, Azərbaycanda hər 100 min nəfərə 5-ə yaxın intihar halı düşür. Mərkəz rəhbəri uşaqlar arasında intihar hallarının qeydə alınmaması üçün valideynlərə müraciət edib: “Uşaqlarda hansısa emosionallıq, davranış dəyişikliyi hiss olunduqda, mütəxəssislərə, psixoloqlara, psixatrlara müraciət etmək lazımdır. Onların adının qeydə alınmasında, ətrafdakı insanların onların problemlərini bilməsindən narahat olmasınlar. İnsanlar mərkəzə müraciət etdikdə onların siyahısı qeydə alınmır, adları anonim şəkildə də qala bilər”.
Şərhlər