Xəstəni öldürən həkim deputatın əmisi çıxdı
01.07.2016 19:25 Sosreaksiya 964
Cəfər Quliyev mənim əmimdir və 50 ildir ki, millətə xidmət edən tanınmış cərrahlardan biridir, eyni zamanda, prezident tərəfindən də medalla təltif olunub.
Bu sözləri Axar.az-a açıqlamasında ötən gün Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasında dünyasını dəyişən Lumu Veyisovanın ölümünə bais olan həkim Cəfər Quliyevin qohumu olması barədə danışarkən millət vəkili Fərəc Quliyev deyib.
Hadisədən təəssüfləndiyini deyən deputat bildirib ki, istənilən həkimin öz xəstəsini itirməsi çox üzücüdür:
“Cəfər Quliyev Sumqayıtda kasıb adam kimi tanınır. İndiyə qədər təmənnalı bir iş görməyib. Bu hadisə hər bir cərrahın həyatında baş verə bilər. Təbii ki, çox təəssüfləndirici bir məsələdir. Xəstənin yaxınlarının hadisədən razı qalmamalarını başa düşürəm, onlar yaxınlarını itiblər. Ancaq hamımız insanıq. Bunları qətiyyən əmimi müdafiə məqsədilə söyləmirəm...”
Lumu Veyisova xəstəxanaya iyunun 26-da daxil olub. İyunun 27-də isə həkim, 81 yaşlı Cəfər Quliyev onu əməliyyat edib. Əməliyyatdan sonra xəstənin vəziyyəti ağırlaşıb və reanimasiya şöbəsinə yerləşdirilib. Xəstənin yaxınları həkimin səhv etdiyini və xəstənin damarlarını kəsdiyini bildiriblər.
L.Veyisova bu gecə xəstəxanada dünyasını dəyişib.
81 yaşlı, əli əsdiyi deyilən və əli əsdiyi üçün də səhvən xəstənin həyati vacib damarlarını kəsən cərrahın bu vaxta qədər pensiyaya çıxmamasının səbəbi kimi Səhiyyə Nazirliyi həmin xəstəxanada cərraha olan tələbatı göstərib. Sosial şəbəkələrdə isə C.Quliyevin millət vəkili olan qohumu Fərəc Quliyevin sayəsində indiyə qədər əmək fəaliyyətini davam etdirdiyi və pensiyaya göndərilmədiyi iddia edilir.
Şərhlər