FHN-nin yoxa çıxan təyyarəsinin qalıqları tapıldı: 10 ölü
03.07.2016 13:55 Sosreaksiya 1571
Hadisə ilə bağlı iyulun dördü matəm elan olunub.
İki gün əvvəl İrkutsk vilayətində yoxa çıxan Rusiya Fövqəladə Hallar Nazirliyinə məxsus təyyarənin qalıqları tapılıb. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, xilasedicilər qəzaya uğrayan "İl - 76" təyyarəsinin qara qutusunu və 1 pilotun cəsədini Kaçuq rayonunda aşkarlayıblar.
Hadisə ilə bağlı yaradılan operativ qərargahdan bildirilib ki, qəza yerində axtarış işləri zamanı həlak olanların cəsədlərinin fraqmentləri və "İl - 76" iki qara qutudan biri tapılıb.
"İndiyədək xilasedicilər təyyarənin 4 ekipaj üzvünün meyitini tapıblar. Əməliyyat-axtarış tədbirləri davam edir. Dağıntıların miqyasına nəzər saldıqda belə bir qənaətə gəlmək olar ki, 10 nəfərdən ibarət ekipaj üzvlərinin hamısı həlak olub", -deyə qərargahdan bildiriblər.
Hadisə ilə əlaqədar 4 iyul İrkutsk vilayətində matəm günü elan edilib.
Rusiya FHN-nin yaydığı məlumata görə, təyyarənin qəza nəticəsində tamamilə parçalanıb və yanıb: “Saat 02 radələrində (Bakı vaxtilə 03) Rıbnıy Uyan yaşayış məntəqəsindən 4 km cənubda, təpənin yamacında FHN-ə məxsus yoxa çıxan təyyarə aşkarlanıb".
İyul ayının 1-də İrkutsk vilayətində Rusiya Fövqəladə Hallar Nazirliyinə məxsus "İl-76" təyyarəsi ilə əlaqə kəsilib. Təyyarə meşə yanğınlarının söndürülməsində iştirak edib.
Rusiya FHN-dən mətbuata bildirilib ki, təyyarə qatı tüstü zonasında uçuş etdikdən sonra radarlardan itib. Sonuncu dəfə təyyarə ilə 06:30-da əlaqə saxlanmalı olduğu halda bu baş verməyib.
Təyyarənin göyərtəsində olan 10 nəfərin hər birinin ekipaj üzvü olduğu deyilirdi.
İl-76 1974-cü ildən FHN invertarına daxil edilib. O, Rusiyada ən geniş yayılmış ağır hərbi-nəqliyyat təyyarəsi sayılır.
Əvvəllər sayı mindən çox olan bu təyyarələrdən 70-i istismar müddəti ərzində həm Rusiyada, həm də xaricdə itirilib.
Şərhlər