CASCFEN Şüvəlan məktəbində seminar keçirdi - VİDEO
04.07.2016 09:00 Sosreaksiya 1085
Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) "Müxtəlif kateqoriyadan olan qruplar üçün onlayn ifadə azadlığı mədəniyyəti seminarları” layihəsi çərçivəsində növbəti tədbirini Bakının Şüvəlan qəsəbəsindəki 230 saylı məktəbdə keçirib. "Müəllimlər və yuxarı sinif şagirdləri üçün onlayn ifadə azadlığı mədəniyyəti” mövzusunda seminara 29 nəfər müəllim və şagird qatılıb.
Qurumdan verilən xəbərə görə, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımıyla baş tutan seminarda şəbəkə istifadəçilərinin davranış qaydaları, onların pozulması zamanı meydana gələcək məsuliyyət müzakirə edilib.
Tədbirin açılışında çıxış edən CASCFEN sədri Azər Həsrət layihə haqqında qısa bilgi verərək dəstəyə görə, Azərbaycan dövlətinə təşəkkür edib. Eyni zamanda o, məktəbin direktoru Elşən Qafarovu layihəyə verdiyi dəstəkdən ötrü CASCFEN-in diplomuyla təltif etdiklərini bildirib.
Layihənin eksperti, "Kaspi” qəzetinin müxbiri Lalə Musaqızı virtual aləmdə davranış qaydaları haqqında fikirlərini paylaşıb. O, müəllim və şagirdlərin onlayn müstəvidə davranışlarını necə tənzimləməli olduqları haqqında örnəklər verməklə bərabər iştirakçıların suallarını da cavablandırıb.
Növbəti ekspert, CASCFEN nəzarət-təftiş komissiyasının sədri Sevda Əsgərova iştirakçılara "netizen” və "netiket” istilahları haqqında danışıb. O, bu istilahlara əsaslanaraq netiketin 10 qızıl qaydasını tək-tək izah edib.
Bundan sonra CASCFEN sədri Azər Həsrət onlayn ifadə azadlığının həm də məsuliyyət doğurduğu haqqında mülahizələrini iştirakçılarla paylaşıb.
Fəal ortamda keçən seminarın sonunda sertifikatlar təqdim edilib, xatirə şəkli çəkdirilib.
Şərhlər