Xarici ölkələrin 20-dək universitetinin tələbələri burada bir araya gəlir

04.07.2016 19:05     Sosreaksiya     987

Müasir multimədəni cəmiyyətlər kulturoloji strategiyalara əsaslanan, düşünülmüş multukulturalizm siyasəti olmadan inkişaf edə bilməzlər. Bunun bariz nümunələrindən biri Azərbaycandır. Çünki burada milli mədəniyyətə müvəffəqiyyətlə inteqrasiya olan müxtəlif xalqların nümayəndəlləri qarşılıqlı və tam bərabərhüquqlu yaşayır və inkişaf edirlər. Multikulturalizmdən imtina etmək isə, yaxşı heç nə vəd etmir. Bu, bütün dünyada getdikcə artan anlaşılmazlığa, fobiya və qarşıdurmaya, milli və dini münaqişələrə aparıb çıxaran yol olardı. Azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni, dini müxtəlifliyin qorunmasını təmin etmək dövlət siyasətinin tərkib hissələrindən birinə çevrilib. Habelə ölkəmizi dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq, mövcud multikultural modelləri tədqiq və təşviq etmək məqsədi ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması və qısa müddət ərzində diqqətçəkən fəaliyyəti ölkəmizin ictimai-siyasi həyatında mühüm mədəniyyət hadisəsi sayılır. Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq, mövcud multikultural dəyərlərin tədqiqi ilə əlaqədar layihələrin gerçəkləşdirilməsi də prioritet sahələr kimi qəbul edilib. Xarici ölkə universitetlərində “Azərbaycan Multikulturalizmi” fənninin tədrisi layihəsinin həyata keçirilməsi məqsədi ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Avropanın və regionun bir sıra qabaqcıl ali məktəbləri ilə ikitərəfli danışıqlar aparır. Bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi üçün qarşılıqlı əməkdaşlıq protokolları da imzalanıb. Mərkəzinin növbəti bir həftəlik yay məktəbi layihəsi də “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi”nin məntiqi davamıdır. Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün təşkil olunan qış və yay məktəblərinin məqsədi həmin gənclərin nəzəri şəkildə öyrəndiklərini multikultural və tolerant dəyərlərin qorunub yaşadıldığı ölkəmizdə özlərinin görüb, şahid olmasına şərait yaratmaqdan ibarətdir. Prezident yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə reallaşacaq yay məktəbində 20-yə yaxın ölkənin (Çin, İndoneziya, Nigeriya, Almaniya, Polşa, Çexiya, Ukrayna, İsveçrə, Türkiyə, Bolqarıstan, Rusiya, Yunanıstan, Qırğızıstan, Yəmən və İrlandiya) 18 universitetdən 40-dan artıq tələbənin iştirak edəcək. Ölkəmizdə fəaliyyət göstərən universitetlərdən isə yay məktəbi layihəsinə 20 tələbə qatılacaq. Beynəlxalq multikulturalizm yay məktəbi Bakı ilə yanaşı, Qəbələ, Oğuz, Şəki və Qaxda da fəaliyyəti planlaşdırılıb. Proqrama iştirakçıların Azərbaycanda yaşayan müxtəlif dini və etnik icmaların rəhbərləri ilə görüşləri də daxildir. Tələbələr “Azərbaycançılıq və etnik rəngarənglik”, “Terror multikulturalizmə qarşı”, “Azərbaycan multikulturalizminin tarixi: maddi-mənəvi dəyərlər”, “Multikulturalizm Azərbaycan musiqisində”, “Azərbaycanda dini müxtəliflik” mövzularında mühazirələr dinləyəcək, İsmayıllıda yerli gənclərlə birgə “Dünya ölkələrində multikulturalizm modelləri” adlı dəyirmi masada iştirak edəcəklər. Yeri gəlmişkən, ölkəmizin multikultural nailiyyətlərinin beynəlxalq mütəxəssislər tərəfindən öyrənilərək xarici ölkələrdə təbliğini təmin etmək məqsədi ilə ötən il 6 beynəlxalq “Virtual dəyirmi masa” keçirilib. Toplanan materiallar rus və ingilis dillərinə tərcümə olunaraq kitabçalar formasında nəşr edilib. Respublikada mədəni-etnoqrafik müxtəlifliyin azərbaycançılığın inkişafına xidmət göstərməsi yollarını müəyyənləşdirib reallaşdırmaq, Azərbaycan gerçəkliyinin mədəni, sosial, siyasi mahiyyətinin təbliği mexanizmini hazırlamaq vəzifələrinin yerinə yetirilməsi məqsədilə “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı əcnəbi tələbələr üçün yalnız məlumat xarakterli deyil. Burada həm də xalqımızım milli-mənəvi və mədəni dəyərlərə töhvəsi ilə yaxından tanış ola bilirlər. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ölkəmizdə fəaliyyət göstərən dini qurumların və konfessiyaların, icmaların rəhbərləri ilə keçirdiyi tədbirlərdə Azərbaycan multikulturalizminin xüsusiyyətləri, ölkə rəhbərinin bu sahəyə olan diqqət və qayğısı barədə geniş diskussiyalar aparılıb.

Şərhlər

Çox oxunanlar