99 gün komada qalan qəhrəman komandir bu gün şəhid oldu - FOTOLAR

10.07.2016 15:41     Sosreaksiya     1863

Reaksiya Moderator.az-a istinadən xəbər verir ki, Parlament Jurnalistlər Birliyinin sədr müavini Aqil Aslan 99 gün MN Mərkəzi Hospitalında komada olan tank komandiri gizir Rahim Tağıyevin şəhid olması ilə bağlı status paylaşıb:
 
"99-cu gün idi ki, komada idi. Bu gün səhər ölüm xəbəri yayıldı. 
 
Tank komandiri gizir Rahim Qara oğlu Tağıyev aprelin 2-də cəbhənin Goranboy-Tərtər istiqamətində Talış kəndi uğrunda döyüşlərdə qəhrəmanlıq göstərən igidlərimizdən biri idi. Elə həmin gün döyüş zamanı düşmənin atdığı minamyot mərmisi Rahimin yanına düşüb və hərbçimiz başından ağır yaralanmışdı. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalına yerləşdirilən Rahim Tağıyev aprel döyüşlərinin ən ağır yaralısı idi. Onun sağalması üçün hospitalın həkimləri əlindən gələni edirdi. Lakin vəziyyəti ağır-stabil olaraq qalırdı. Ona görə də Rahimi Türkiyədəki məşhur "Gülhanə" xəstəxanasına aparmağa qərar verilmişdi. Türkiyəyə yola salınması üçün bütün sənədlər hazır idi. Həyat yoldaşı bir neçə gün öncə Bakıya gələrək Rahimin hərbiçi biletini də hospitalın rəis müavininə vermişdi. 
 
Rahimin həyat yoldaşına demişdilər ki, yaxın günlərdə Türkiyəyə aparılacaq. Bundan bir neçə gün öncə başqa iki yaralı hərbçimiz də "Gülhanə"yə yola salınmışdı. Bu gün səhər isə Rahim Tağıyev dünyasını dəyişərək şəhidlik zirvəsinə ucalıb. 
 
Qeyd edək ki, Rahim Tağıyev 18 ildir Milli Orduda xidmət edirdi. Bu müddətdə xidmətdə fərqləndiyinə görə 5 medal və çox sayda Fəxri Fərmanla təltif edilmişdi. Şəkinin Əliyar kəndində anadan olan Rahim Mingəçevir sakini idi. Onun 3 uşağı var - Ülkər, Nihat və Nicat. 
 
Rahim Tağıyev bu gün saat 14:00-da Mingəçevirdə dəfn olundu. Allah şəhidimizə rəhmət eləsin!"

Şərhlər

Çox oxunanlar