Ukraynalı akademiya rektoru azərbaycanlı abituriyenlərlə səsləndi

11.07.2016 20:46     Sosreaksiya     1144

"Azərbaycanlı tələbələrin bizim universitetdə təhsil alması faydalı olardı"

Sofi-Group Ltd MMC nin dəvəti ilə Ukrayna Daxili İşlər Nazirliyi Xarkov Daxili İşlər Universitetinin rektoru, polis polkovniki, hüquq elmləri doktoru Sokurenko Valeri Vasilyeviç və həmin universitetin hüquq və ictimai əlaqələr fakültəsinin dekanı, hüquq elmləri doktoru Sinequbov Oleq Vasilyeviç Azərbaycanda işgüzar səfərdədir. Onlar səfər çərçivəsində iyulun 11-də Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı keçirib. 
 
Musavat.com-un məlumatına görə, konfransı Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Mübarizoğlu açıb. O bildirib ki, Ukrayna ilə Azərbaycan arasında bütün istiqamətlər üzrə əlaqələr kifayət qədər inkişaf edib:
“Təkcə siyasi, iqtisadi əlaqələrə nəzər salsaq görərik ki, Ukrayna Azərbaycanın strateji tərəfdaşıdır və bu, daha da güclənən xətt üzrə inkişaf edir. Xüsusi olaraq qeyd etməliyik ki, Ukrayna ilə Azərbaycan arasında təhsil sahəsində də əlaqələr kifayət qədər inkişaf edib. Bu gün azərbaycanlı gənclərin xaricdə təhsil statistikasına nəzər salsaq görərik ki, bu siyahıda  Ukrayna öz sıralarda durub. Bu da təbii ki, ölkələr arasındakı iqtisadi əlaqələrin təhsil sahəsinə inteqrasiyası ilə bağlıdır. Bakıda fəaliyyət göstərən Bakı Slavyan Universitetində artıq 10 ilə yaxındır ki, Ukrayna Mədəniyyət Mərkəzi yaradılıb. Bu mərkəzdə Ukrayna dili, mədəniyyəti tədris olunur. Eyni zamanda rəhbərlik etdiyim assosiasiyada da bu il 10 yaşını qeyd edib. Biz də Ukrayna ilə bağlı 20-yə yaxın layihə həyata keçirmişik. Məqsədimiz isə Ukrayna mədəniyyətinin Azərbaycanda təbliğidir. Eyni zamanda da Ukraynada da Azərbaycana qarşı münasibət müsbət mənada inkişaf etməkdədir. Bu ölkənin bir neçə universiteti ilə Azərbaycanın ali təhsil ocaqları arasında sıx əlaqələr mövcuddur. Bir məqamı da xüsusi vurğulamaq lazımdır ki, Ukraynada fəaliyyət göstərən ali təhsil müəssisələri, dünya reytinqində ön sıralarda dururlar. Hesab edirəm ki, bu əlaqələrin inkişafı bir növ cəmiyyətlərin də inteqrasiyası ilə nəticələnib. Bu gün Azərbaycanda səfərdə olan Xarkov Daxili İşlər Universitetinin rəhbərliyi də birmənalı şəkildə ölkəmizlə əlaqələri qurmaqda qərarlıdır və hesab edirik ki,  dünyada öz nüfuzu ilə seçilən bu universitet Azərbaycana xoş niyyətlə gəlib. Düşünürük ki, onlar  Azərbaycan gənclərinin, tələbələrinin həmin universitetdə təhsil almaları üçün kifayət qədər müsbət və sərfəli şərtlər irəli sürəcəklər. Xüsusilə qeyd edim ki, bu səfər bir neçə gün davam edəcək və universitetin rektoru ölkəmizin bir sıra rəsmi nümayəndələri ilə görüşlər keçirəcək”.
 
Daha sonra söz universitetin rektoru Valeri Sokurenkoya verildi. O, Azərbaycana səfərinin məqsədləri və universitet haqqında jurnalistləri məlumatlandırdı. Rektor həmçinin Dağlıq Qarabağ münaqişəsinə də toxunaraq, aşağıdakıları bildirdi:
“Bu gün Ukrayna və Azərbaycanın ortaq problemi var. Ukrayna Xocalı faciəsi məsələsində Azərbaycanı anlayır və Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın yanındadır. Ümid edirik ki, Dağlıq Qarabağ münaqişəsi tezliklə öz həllini tapacaq və Azərbaycanın işğal altındakı torpaqları azad ediləcək. Mən Azərbaycanda səfərdə olmağıma çox şadam və bildirmək istəyirəm ki, bu ölkə çox inkişaf edib”. 
 
V.Sokurenko rəhbəri olduğu universitet haqqında danışaraq, universitetin 1994-cü ildə yaradıldığını və 2001-ci ildə Ukrayna prezidenti tərəfindən milli status aldığını bildirib. O qeyd edib ki, universitetdə 62 elmlər doktoru, 46 professor, 357 elmlər namizədi və 178 dosent kursant və tələbələrlə çalışır: "Burada gələcəyin müstəntiqləri, əməliyyatçıları təhsil alır. Müxtəlif poliqonlar təşkil edilir. Universitetdə ciddi nizam-intizam var, tələbələrə polkovnik və digər yüksək rütbəli hərbçilər dərs keçir. Bilik, qanun və ləyaqət universitetimizin devizidir”.
 
Rektor həmçinin qeyd edib ki, Azərbaycanın hüquq-mühafizə orqanlarının rəhbərliyi ilə görüşlər keçirəcək:
 “Hüquq-mühafizə sahəsində iki ölkə arasında əməkdaşlıq vacibdir. Bu baxımdan Azərbaycanlı tələbələrin bizim universitetdə təhsil alması faydalı olardı".
Daha sonra tədbirdə universitetin  Hüquq və ictimai əlaqələr fakültəsinin dekanı, hüquq elmləri doktoru Oleq Sinequbov çıxış edərək, universitet haqqında ətraflı məlumat verib. Sonda tədbir iştirakçılarının və jurnalistlərin suallarına cavab verilib. Konfransda həmçinin universitetdən bəhs edən video-rolik də nümayiş etdirilib. 

Şərhlər

Çox oxunanlar