Sumqayıtda şəhidlərin anım tədbiri keçirilib - FOTOLAR
12.07.2016 21:14 Sosreaksiya 1660
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Vətənpərvərliyin təbliğində ictimai dəstəyin artırılması” adlı layihə çərçivəsində “Əsgər Ailələrinə Dəstək” İctimai Birliyi Sumqayıt şəhərində anım tədbirlərində olub.
12 iyulda aprel döyüşlərində həlak olan şəhid polkovnik-leytenant Raqub Orucovun və kiçik gizir Seymur Baxışovun doğum günüdür. Sumqayıt şəhərində anım mərasimi Şəhidlər xiyabanında şəhidlərin doğmalarının, döyüşçü yoldaşlarının, QHT və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirildi.
Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədri Mətanət Əsgərqızı polkovnik- leytenant Raqub Orucovun həyat yoldaşı Sevinc Orucova, şəhid Seymur Baxışovun anası Zemfira Baxışova və həyat yoldaşı Aynur Baxışova ilə görüşərək minnətdarlığını bildirib ki, vətən üçün onların doğmaları, əzizləri böyük fədakarlıqlar ediblər: “Burada keçirilən mərasim bir vətənpərvərlik tədbiridir” deyən İctimai Birlik sədri onu da vurğulayıb ki, iştirak edən gənclər görəndə ki, vətən uğrunda canlarından keçənlər unudulmur, ailələri qayğıyla əhatə olunur onlar Azərbaycanımıza daha çox bağlı, daha sədaqətli olarlar. Daha sonra şəhid ailələri bu çətin günlərdə yanlarında olduqlarına, qayğıya, diqqətə görə dövlətimizə, millətimizə minnətdarlıq bildiriblər.
Raqub Orucovun həyat yoldaşının dediklərindən: “Raqub şəhid olandan yuxuma girmirdi. Gündüzlər Allaha yalvarırdım ki, nə ola, bircə dəfə yuxuma gəlsin, təskinlik versin. Ölümündən sonra ilk dəfə bu gecə yuxuma gəldi. Sağ əlini başıma çəkir ki, niyə belə edirsən? Görürəm, dayandığımız yer Ağdam deyil, başqa yerdir. Möhkəm yağış yağır, sudan imkan tapıb yeriyə bilmirəm. Amma hissiyyatım deyir ki, işğaldan azad olunmuş torpaqlardayam. İndi Raqubun da mənim də anadan olduğumuz torpaqlar işğal altındadır. Amma yuxumdakı yer nə Ağdamdı, nə Qubadlı. Elə yuxuda sevinirəm ki, Raqub yuxuma girib…
Cəbhə xəttində baş verən aprel döyüşlərində şəhid olan hərbçilərimizdən biri də kiçik gizir Seymur Baxışovdu. Anası Zemfira xanım Seymurun nişanəsi olan övladı ilə təskinlik tapdığını söyləyir. Həyat yoldaşı Aynur xanım deyir ki, ilk dəfə yuxumda görəndə dedim ki, kaş evdən getməyəydin. Sağ qalardın, birgə qocalardıq. O isə məni pəncərə tərəfə aparır və bir maşın göstərir. O maşın tamam əzilmiş vəziyyətdə idi. Seymur dedi ki, seç, qəzada ölməyimi istərdin ya vətən uğrunda...
Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədri Mətanət Əsgərqızı Sumqayıt şəhərində daha bir şəhidimizin Əbdülməcid Axundovun anası Ceyran Axundova ilə də görüşüb. Şəhid anası onu yad edən bütün insanlara minnətdarlığını bildirdi. Onu da xahiş edib ki, oğlu üçün heyiflənməsinlər, çünki Əbdülməcid yaşayır, böyük amal, torpaqlarımızın azadlığı uğrunda şəhid olublar. "Aprel ayı həyatımın ən acı ayı oldu. Düzdür, bu ayda oğullarımızın qanı bahasına müəyyən ərazilər azad edildi. Ancaq öz-özümə sual verirəm ki, bu ayı sevim ya nifrət edim? Bu suala cavab verməyə də çətinlik çəkirəm" bunu o, deyir, şəhidimiz Əbdülməcid Axundovun anası Ceyran Axundova.
Şəhidlərin doğmaları onları yad edən insanlara bir daha minnətdarlıq bildirdilər. İctimai Birlik sədri Mətanət Əsgərqızı onu qeyd etdi ki, bu gün hər kəs şəhid ailələrinə çox diqqətlə yanaşmalı və qayğı göstərməlidilər. Əgər bunu ölkənin birinci şəxsləri, cənab İlham Əliyev və xanımı Mehriban Əliyeva edirsə, demək hər bir məmur onlardan nümunə götürməlidir. Ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın şəhidlərin yas mərasimində çıxışı, onlara diqqəti buna misaldır.
Şərhlər