Sabirabadda "Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün gənclər arasında təbliğ və təşviqi” adlı tədbir keçirilib - FOTOLAR

13.07.2016 22:51     Sosreaksiya     1146

"Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü" (MSŞT) nədir? Bu təşəbbüsün sadə vətəndaşlara xeyri nədir?" Bu mövzu ilə bağlı "Aran" ekoloji maarifləndrmə İctimai Birliyi Sabirabad rayonunda növbəti tədbirini keçirib. Qeyd edək ki,  "Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün gənclər arasında təbliğ və təşviqi” adlı tədbir Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir.

Əsasən gənclərin iştirak etdiyi Dəyirmi Masada həm də yerli ictimai xadimlər, bələdiyyə və icra hakimiyyətinini rəsmiləri - rayon icra hakimininin I müavini Həsən müəllim də iştirak edib.

Dəyirmi Masanı "Aran" ekoloji maarifləndirmə İctimai Birliyin sədri Nəsirəddin Kərəmov  açıb. O, bildirib ki, mədən sənayesində əldə edilən gəlirlərin cəmiyyətə açıqlanması bu sahədə korrupsiya hallarının qarşısını alır. Həm də gəlirlərdən daha səmərəli istifadə olunmasına şərait yaradır.

Layihə rəhbəri Şaban Nəsirov isə öncə təşəbbüsün yaranma tarixindən bəhs edib. O bildirib ki, MSŞT 2002-ci ildə Cənubi Afrika Respublikasının İohannesburq şəhərində keçirilən dayanaqlı inkişaf üzrə Dünya Sammitində Böyük Britaniyanın baş naziri Toni Bleyer tərəfindən irəli sürülüb. Ölkəmiz təşəbbüsə 2003-cü il iyunun 17-də Londonda keçirilən Mədən Hasilatında Şəffaflıq Təşəbbüsünə həsr edilmiş konfransda qoşulub. Bu tədbirdə Azərbaycan nümayəndə heyətinin başçısı, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 1-ci vitse-prezidenti İlham Əliyev çıxış edib və ölkəmizin təşəbbüsə qoşulduğunu bəyan edib. Ş. Nəsirovun qeyd edib ki, təşəbbüsün məqsədi təbii ehtiyatlarla zəngin olan ölkələrdə şirkətlərin fəaliyyəti nəticəsində ehtiyatlar sahibi olan dövlətin qazancları barədə vətəndaşların məlumatlılığının artırılmasıdır: "Məlumatlılığın artırılması hökumətin əldə etdikləri gəlirlərin aşkarlanması,  və mədən sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlərin dövlət qurumlarına ödənişlərinin elan edilməsi yolu ilə əldə olunur". 

Azərbaycanın MHŞT-yə qoşulan ilk dörd ölkədən biri olduğunu qeyd edən natiq hazırda bu təşəbbüsə dünyanın 51 dövlətinin qoşulduğunu deyib. Bunların sırasında ABŞ, Böyük Britaniya, Norvec, Almaniya, İndoneziya, Fillipin və digər ölkələr var. Keçmiş sovet respublikalarından MHŞT-yə Azərbaycandan başqa Qazaxstan, Ukraina, Qırğızstan, Tacikistan da qoşulub.

Şaban Nəsirov neft gəlirlərinin böyük bir qisminin gələcək nəsil üçün nəzərdə tutulduğunu və bununu üçün də tədbirdə gənclərin iştirakına xüsusi önəm verildiyini deyib: "Konstitutsiyamızın 14-cü Maddəsinə əsasən təbii ehtiyatlar Azərbaycan Respublikasına mənsubdur. Yəni təbii ehtiyatlar Azərbaycan xalqının müştərək sərvətidir və hər bir Azərbaycan Respublikasının vətəndaşı bu müştərək sərvət barədə məlumat əldə etmək hüququna malikdir".

Tədbirdə "Azərbaycanda MHŞT-nin tətbiqinə kim rəhbərlik edir?", "Mədən Hasilatında Şəffaflıq Təşəbbüsü nələri tələb edir?", "Mədən Hasilatında Şəffaflıq Təşəbbüsü çərçivəsində hansı məlumatlar açıqlanır?", "Məlumatlar necə açıqlanır və etibarlılığı necə təmin edilir?"  kimi suallar ətrafinda geniş diskussiyalar aparılıb.

Rayon İcra hakimiyyətinin başçısının I müavini Həsən müəllimdə mövzu ilə bağlı öz fikirlərini tədbir iştirakçıları ilə bölüşüb. O, həmçinini sosial layihələrin icrası ilə bağlı rayona ayrılan maliyyənin səmərəliliyinin təmin olunması üçün bir sıra işlərin görüldüyündən bəhs edib. 

Sonra tədbir iştirakçılarına iqtisadçı alim Sabit Bağırovun yardımı ilə hazırlanmış Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü - yerli və beynəlxalq təcrübəni özündə əks etdirən  broşüra paylanıb.

Sonda Ş. Nəsirov yerli bələdiyyə və icra təmsilçilərinə tədbirdə iştiraklarına görə təşəkkürünü bildirib.

Şərhlər

Çox oxunanlar