Tağıyevin Osmanlı sultanına tarixi hədiyyəsi - NİYƏ MİSİRDƏN GƏTİRİLİB DEDİLƏR?

15.07.2016 18:24     Sosreaksiya     1024

Sultanın yanından çıxarkən Yusif Ziya bəy: “Paşam, nə səbəbdən Quranın Misirdən göndərildiyini söylədiniz?” – deyə soruşur. Nazir isə: “Amandır, susun, əgər xəlifeyi-müsəlman həzrətləri Qurani-Kərimin cəsarət edilərək türk dilinə tərcümə edildiyini anlasa, qiyamət qoparar” – deyə cavab verir.

Cümhuriyyətimizin qurucularından, o dövrün elm və yaradıcı insanlarından fərqli olaraq, demək olar ki, mərhum Hacı Zeynalabdin Tağıyevi 7-dən 77-yə hamı tanıyır. Bəlkə də bu məşhurluq Hacının varı-dövlətindən, milyonlarından qaynaqlanır, kim bilir. Bəlkə də...

Hacı Zeynalabdin Tağıyevin xeyriyyəçiliyi ilə bağlı kifayət qədər faktlar var və demək olar ki, böyük qismini də bilirik. Oxuyub, araşdırdıqca da Tağıyevin geniş ictimaiyyətə məlum olmayan xeyriyyəçiliyilə qarşılaşırıq və bununla da qürur duyuruq. Buna misal kimi Demokratik Cümhuriyyətimizin Əks-inqilab ilə Mübarizə Təşkilatının rəisi Nağı bəy Şeyxzamanlının “Xatirələr”ində Tağıyevin xeyriyyəçiliyilə bağlı heç yanda rast gəlmədiyimiz iki xatirəsinə oxuduq:

Nağı bəy yazır ki, “1918-ci ildə İstanbulda olarkən Osmanlı dövlətinin Məclisi-Məbusəsinə getdim. Orada məclisin sədri Hacı Adil bəylə də tanış oldum. Söhbət əsnasında Hacı Adil bəy mənə Qafqaz haqqında bir neçə sual verdi. Mən də imkan daxilində cavab verdim. Sonra məndən, “Siz Hacı Zeynalabdini tanıyırsınızmı?” - deyə soruşdu".

“Çox yaxşı tanıyıram” – dedim”.

news-detailnews-detail

Hacı Adil bəy                                                                                              Nağı bəy Şeyxzamanlı

Nağı bəy Tağıyevi tanıdığını deyəndən sonra Hacı Adil bəy Tağıyevlə bağlı olmuş bir əhvalatı danışır:

“O çox möhtərəm şəxsdir. Balkan müharibəsi illəri idi. Bolqarlar türklərə qarşı çox amansız davranırdılar. Türk kəndlərini dağıdır, əhaliyə min cür işgəncə verirdilər. Bolqarlar bu hərəkətləri ilə türk millətinə ağlasığmaz vəhşilikləri rəva görürdülər. Pərişan xalqımızın dərdinə dərman olsun deyə, bir yardım cəmiyyəti qurduq və vəsait toplamağa başladıq. Mən o zaman Ədirnə valisi idim. Avropaya gedən tacirlərimizdən və səfirlərdən ianə toplayardıq. Elə bu zamanlar adını xatırlaya bilmədiyim bir səfirimiz də Berlinə gedirdi. Biz ona müraciət edərək yardım istəyib aldıq. Bu zaman səfir bizə: “Siz xaricə nə üçün müraciət etmirsiniz” – dedi. Sonra o, Qafqazın Bakı şəhərində Hacı Zeynalabdinin ünvanını bizə verərək: “Vəziyyəti izah edərək yardım istəyin” – deyə tövsiyə etdi. Biz onun bu tövsiyələrini yerinə yetirdik. Təqribən bir ay sonra İstanbuldakı Nobel neft şirkəti vasitəsilə o möhtərəm şəxs biz türklərə yardım məqsədilə min qızıl lirə göndərdi...”

Bax belə... Gözə, qulağa nə qədər xoş gəlir Tağıyevin ölkədən kənarda gördüyü xeyriyyəçiliyi. Hələ-hələ bu köməyə ehtiyacı olan qardaşlara ediləndə...

Nağı bəyin xatirəsindən onu da öyrəndik ki, Tağıyevin Azərbaycan türkcəsinə tərcümə etdirib, daş-qaş və almazlarla bəzətdirib Osmanlı sultanı II Əlbdülhəmidə hədiyyə göndərdiyi Qurani-Kərim sultana Misirdən göndərilən hədiyyə kimi təqdim edilib.

Nağı bəy yazır: “Qurani-Kərimi ilk dəfə Azərbaycan şivəsi ilə türk dilinə tərcümə etdirən Hacı Zeynalabdin Tağıyev olmuşdur. Hacı Qurani-Kərimi 4000 qızıl lirə dəyərində zinətli daş və almazlarla bəzədərək Yusuf Ziya Talıbzadə vasitəsilə İstanbula, sultan II Əbdülhəmidə hədiyyə olaraq göndərmişdi.

news-detail

Yusif Ziya Talıbzadə İstanbulda tacir Şirvanlı Səftər bəylə birlikdə saraya gedərək Hacının hədiyyəsinin padşah tərəfindən qəbul edilməsini xahiş edib. Saray naziri Qurana baxır və onun türkcə olduğunu anlayır. Nazir onlara: “İndi Sultan həzrətlərinin hüzuruna çıxıb salam verəcəksiniz. Bu zaman ancaq mən danışacağam” - deyir. Sultanın hüzurunda nazir: “Sultanım, Misirdən şaha layiq hədiyyə olaraq Qurani-Kərim göndərmişlər. Qəbul etməniyinizi xahiş edirlər” deyir. Sultan Qurani-Kərimi öpərək qəbul edir. Sultanın yanından çıxarkən Yusif Ziya bəy: “Paşam, nə səbəbdən Quranın Misirdən göndərildiyini söylədiniz?” – deyə soruşur. Nazir isə: “Amandır, susun, əgər xəlifeyi-müsəlman həzrətləri Qurani-Kərimin cəsarət edilərək türk dilinə tərcümə edildiyini anlasa, qiyamət qoparar” – deyə cavab verir.  

Xatiratın bu hissəsi ilə bağlı bir az düşünməyə dəyər. Öncə öyrəndik ki, XX əsrin əvvəllərində Azərbaycanda Qurani-Kərimi ilk dəfə türk dilinə Hacı Zeynalabdin Tağıyev tərcümə etdirib. Bununla ancaq qürur duymaq olar, Necə ki, duyuruq da. Ancaq burada bir məqam diqqətimizi daha çox çəkdi. Sultana Quranın Misirdən göndərildiyini deyirlər. Əvvəla, sultan hədiyyəni gətirən nümyəndələrə təşəkkür edib, onlarla kəlmə kəsmədimi? Tutaq ki, danışmadılar. Bəs sultan misirli ilə qafqazlınıdamı ayırd edə bilmədi? Çox müəmmalı məsələdir... Məndən bu qədər, gerisinə qarışmıram...

Belə, bütün bunları Nağı bəyin xatirələrindən öyrənmiş olduq. Buradan Tağıyevlə bağlı iki yeni qürür duyulacaq xeyirxahlığı da öyrəndik. Allah bilir, daha neçə xatirələrdən nə qədər öyrənəcəklərimiz var? Yetər ki, keçmişimizi bilək və gücümüz yetərsə, öyrədək!

P.S. Professor Rüfət Hüseynzadə “Bakı milyonçusu, maarifpərvər xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin türk sultanına tarixi hədiyyəsi” adlı məqaləsində qeyd edir ki, Tağıyev 1907-ci ildə, Bakıda “Kaspi” mətbəəsində Quranın tərcümə və təfsirini Azərbaycan dilinə çap etdirmişdir. Quranı tərcümə edənlər Bakı Quberniya Qazisi Məhəmməd Kərim Cəfərzadə və məşhur din xadimi Axund Əbu Turab olmuşdur. Bu Quran üç cilddə - “Kəşfül- Həqayiq” (“Həqiqətlərin Kəşfi”) adı ilə 50 nüsxə çap edilmişdir. 

Şərhlər

Çox oxunanlar