"Aran" ekoloji maarifləndirmə İctimai Birliyi dəyirmi masa keçirib - FOTOLAR

21.07.2016 21:52     Sosreaksiya     1352

Qeyd edək ki, bu təşkilatın eyniadlı layihə üzrə üçüncü tədbiridir. Layihə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilir.

Xüsusilə gənclərin üstünlük təşkil etdiyi tədbirə rayon icra hakimiyyətinin nümayəndələri də qatılıblar. Tədbiri təşkilatın sadri Nəsrəddin Kərəmov açıb. O, layihə haqqında məlumat verərək, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün mahiyyəti barədə tədbir iştirakçılarına geniş məlumat verib. Bildirib ki,  MHŞT-nin tələbləri onun Standartında əks olunub. Bu tələblərdə əsas müddəa odur ki, təbii ehtiyatların hasilatından əldə edilən gəlirlər açıq olmalıdır.

Layihə rəhbəri Şaban Nəsirov isə "Azərbaycanda MHŞT-nin tətbiqinə kim rəhbərlik edir?", "Mədən Hasilatında Şəffaflıq Təşəbbüsü nələri tələb edir?", "Mədən Hasilatında Şəffaflıq Təşəbbüsü çərçivəsində hansı məlumatlar açıqlanır?", "Məlumatlar necə açıqlanır və etibarlılığı necə təmin edilir?"  kimi suallar ətrafında məruzə edib.

Bildirib ki, Azərbaycanda MHŞT-nin tətbiqinə Çoxtərəfli Qrup (ÇQ) rəhbərlik edir. Bu qrup üç tərəfin nümayəndələrindən təşkil edilir: hökumət, şirkətlər və vətəndaş cəmiyyəti. Tərəflərin hər biri ÇQ-yə eyni hüquqa malik olan üç əsas üzv və üçədək əvəzedici üzv təyin edir.

Vətəndaş cəmiyyətini ÇQ-də “Mədən Sənayesində Şəffaflığın Artırılması” Koalisiyasının nümayəndələri təmsil edir. Koalisiya qeyri-hökumət təşkilatlarının və ayrı-ayrı fiziki şəxslərin birliyidir. Bu geniş  Koalisiya üzvlərinin sayı 140-ı keçib. 

MHŞT-nin tətbiqi və o cümlədən ÇQ-nin fəaliyyəti adı çəkilən üç tərəf arasında imzalanan Memorandumla tənzimlənir.

Layihə rəhbərinin sözlərinə görə, əsas təbii sərvətlərimiz olan neft, qaz, qızıl və gümüş hasilatından əldə olunan gəlirlər tam açıqdır. Bu gəlirlər əsasən dörd dövlət qurumuna yönəldilir: Dövlət Neft Fonduna (ARDNF); Dövlət Büdcəsinə, Dövlət Neft Şirkətinə (SOCAR) və Dövlət Sosial Müdafiə Fonduna (DSMF).

Dövlət Neft Fonduna axan gəlirlər ölkənin ümumi neft/qaz gəlirlərinin təxminən  90%-nı təşkil edir.

Müəyyən həcmdə neft gəlirləri Dövlət Sosial Müdafiə Fondunun  payına düşür. Lakin bu gəlirlərin həcmi digər dövlət qurumlarının gəlirlərindən müqayisəolunmaz dərəcədə azdır.

 

Məlumatların etibarlılığına gəlincə, Şaban Nəsirov vurğulayıb ki, Mədən Hasilatında Şəffaflıq Təşəbbüsünə qoşulan ölkələr əldə etdikləri gəlirlər barədə müvafiq məlumatların açıqlanması öhdəliyini üzərlərinə götürürlər. Həmin öhdəliyə uyğun olaraq hökumət hər il təbii sərvətlərin hasilatından əldə etdiyi bütün gəlir növləri üzrə xüsusi hesabat formasını tanınmış beynəlxalq Auditor şirkətinə təqdim edir. Ölkənin mədən sənayesində fəaliyyət göstərən və həmin təbii sərvətləri hasil edən yerli və xarici şirkətlər də bu Auditor şirkətinə müəyyən hesabatlar təqdim edir. Bu hesabatlarda şirkətin ölkənin dövlət qurumlarına (ARDNF və Dövlət Büdcəsi) ödənişləri əks etdirilir. Auditor hökumətin və şirkətlərin hesabatlarını hər növ gəlir və ödəniş üzrə tutuşdurur və təhlil edir. Əgər bu tutuşdurmada hansısa uyğunsuzluqlar tapılarsa, Auditor bu uyğunsuzluqların səbəblərini müəyyənləşdirir və ya hökumətə və ya şirkətlərə müvafiq düzəlişlər etməyi təklif edir. Sonda Auditor öz rəyini hazırlayır və bu rəy hökumətin, şirkətlərin və vətəndaş cəmiyyətin təmsil olduqları Çoxtərəfli Qrupun iclasında açıqlanır.

Natiq qeyd edib ki, 2005-ci ildən başlayaraq MHŞT çərçivəsində Azərbaycanın təbii sərvətlərinin hasilatından əldə olunan gəlirlər barədə hesabatları ictimaiyyət üçün açıqdır və xüsusi veb-səhifədə (http://www.eiti.az) yerləşdirilir.

Məruzədən sonra tədbir iştirakçıları ilə mövzu ətrafında geniş disskusiyalar aparılıb. Gənclər bölgə əhalisi üçün bu yöndə məlumatların əlçatmaz olduğunu qeyd edərək, tədbirin təşkilatçılarına təşəkkür ediblər. Tədbir iştirakçılarına iqtisadçı alim Sabit Bağırovun yardımı ilə hazırlanmış Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü - yerli və beynəlxalq təcrübəni özündə əks etdirən broşüra paylanıb.

Şaban Nəsirov isə rayon icra hakimiyətinin nümayəndələrinə tədbirə qatıldıqlarına və layihəyənin icrasına göstərdikləri köməyə görə təşəkkürünü bildirib.

Şərhlər

Çox oxunanlar