Bu gün Milli Mətbuat Günüdür

22.07.2016 09:39     Sosreaksiya     924

Bu gün Azərbaycanda Milli Mətbuat Günü qeyd olunur. Jurnalistika nə qədər şərəfli və məsuliyyətli peşə olsa da, bir o qədər də təhlükəlidir. Təsadüfi deyil ki, dünyada ekstrimal peşələr arasında jurnalistika ilk pillələrdədir.

Elə bir neçə gün öncə məşhur jurnalist Pavel Şeremetin Kiyevdə avtomobilinin partladılması nəticəsində həlak olması da jurnalistlərin nə dərəcədə təhlükədə olduğunu və cəmiyyətdə jurnalisti arzulamayan yetərincə qüvvələrin olduğunu göstərdi. 
Təəssüflər olsun ki, bu sahədə Azərbaycan təcrübəsi də ürəkaçan deyil. “Monitor” jurnalının baş redaktoru  Elmar Hüseynovun, publisist Rafiq Tağının, jurnalist Rasim  Əliyevin qətlini, onlarla jurnalistin döyülməsini nəzərə alsaq, Azərbaycan da jurnalistlər üçün təhlükəsiz ölkə sayılmaz. Dünyanın hər yerində media əhlinə məxsus şəxslərin öldürülməsi ilə bağlı faktlar var. Bəs görəsən, cəmiyyətdə hansı qüvvələr jurnalistdən qorxur və bu qorxunun səbəbi nədir? 
 
Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, jurnalistika dördüncü hakimiyyətdir, ona görə də ondan hamı ehtiyat edir, qorxur: “Jurnalistika başqalarının görmədiyi və ya görmək istəmədiyi problemləri qaldırır, araşdırır, bir çox hallarda qadağan olunmuş mövzulara toxunur, bununla da bir çox adamların səhvlərinin, cinayətlərinin üstünü açır. Ona görə də jurnalistləri bir peşə sahibi kimi istəməyənlər çoxdur. Çalışırlar  ki, jurnalistlər susdurulsun, söz azadlığı olmasın, həqiqətlər bilinməsin. Tarix boyu belə olub”. 
 
Bir sıra hallarda jurnalistlərlə bağlı cinayət işlərinin hüquq-mühafizə orqanları tərəfindən gec açılmasının səbəbini E.Şıxlı belə izah etdi: “Səbəb odur ki, adətən  jurnalistlərin öldürülməsi siyasi xarakter daşıyır, buna görə də cinayətlər açılmır. Çünki bir çox hallarda o cinayətlərin arxasında hakimiyyət başçıları, nüfuzlu insanlar dayanır”. 
Media ekspert Zeynal Məmmədli isə qeyd etdi ki, jurnalistlərin qətlinin səbəbləri bütün dünyada eynidir: “Kimlərsə informasiyanın gizli qalmasında maraqlıdır. 
 
Bu, siyasi hakimiyyətin özü də ola bilər, ayrı-ayrı qüvvələr də. Onlar məlumatların açıqlanmamasında maraqlıdırlar. Həmin məlumatlar açıqlananda onların  istər siyasi hakimiyyətinin, istərsə də iqtisadi gücünün sonu gələ bilər. Bu mənada dünyanın hər yerində jurnalistlərin öldürülməsi ilə bağlı cinayətlər fərqli olsa da, səbəblər eynidir. Başqa bir səbəb odur ki, hər hansı nüfuzlu jurnalistin ölümü ilə, xaricdənmi, daxildənmi hansısa qüvvələr cəmiyyətdə çaxnaşma yaratmaq istəyir. Burada məqsəd aydındır. Ancaq Azərbaycan təcrübəsinə baxanda istər Elmarla bağlı, istər Rafiq Tağı ilə bağlı qətldə hər iki versiya ola bilər. Yəni bu, cəmiyyətdə qarışıqlıq yaratmaq istəyən qüvvələrin işi də ola bilər, hakimiyyətdəki hansısa qüvvələrin sirrinin açılacağından qorxaraq buna getməsi də mümkündür. Ən təəccüblüsü odur ki, hadisənin bir neçə il əvvəl baş verməsinə baxmayaraq, cinayət işi hələ açılmayıb. Səbəb isə odur ki, burada maraqlı qüvvələr var”. 

Şərhlər

Çox oxunanlar