Quldurluqda ittiham olunanlar bəraət aldı
22.07.2016 12:45 Sosreaksiya 1345
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Zahid İsmayılov və Elnur Əsədlinin cinayət işi üzrə məhkəməsi yekunlaşıb.
"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmə kollegiyasın hökmü ilə hər iki şəxs barəsində bəraət hökmü çıxarılıb.
Qeyd edək ki, Z.Ismayılov və E.Əsədli Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq - qabaqcadan bir qrup şəxs tərəfindən əlbir olub törədikdikdə) və 181.2.5-ci (quldurluq - silah tətbiq edildikdə) maddələri ilə təqsirləndirilib.
Təqsirləndirilən şəxslər Binəqədi rayonunda marketdə satıcı işləyən Murad Əliyevə kürəyindən bıçaqla zərbə vuraraq kassadan 130 manat aparmaqda ittiham ediliblər.
E.Əsədlinin və Z.Ismayılovun vəkili Adəm Məmmədov məhkəmədə çıxış edərək təqsirləndirilən şəxslərin hadisə zamanı həmin ərazidə olmadığını deyib. Buna sübut kimi həmin şəxslərin istifadəsində olan mobil nömrələrin hadisə zamanı hansı ərazidə olmasına dair operator tərəfindən verilən anten dairəsinə dair məlumatları təqdim edib.
Rəsmi məlumatda qeyd olunub ki, Elnur Əsədli hadisə zamanı Nərimanov rayonu, Atatürk prospekti 41/47, Z.Ismayılovun isə Ziya Bünyadov prospektində olub. A.Məmmədov təqsirləndirilən şəxslər barəsində bəraət hökmü verilməsini istəyib.
Şərhlər