Satışda XƏRÇƏNG YARADAN tomat pastaları var - FOTOLAR

26.07.2016 16:52     Sosreaksiya     1070

Bu gün satışda yerli və xarici istehsal olan bir çox tomat pastaları satılır. Bu tomat pastalarının bəzilərində onun tərkibi, yararlılıq müddəti olsa da, bəzilərində bu göstəricilər olmur. Bir sıra tomat pastaları da var ki, onun tərkibinə vurulan maddələr, qida əvəzləyiciləri həddindən artıq olur ki, bu da insan səhhəti üçün zərərlidir. Bu cür zərərli tomat pastalarından biri də Rusiya istehsalı olan “Senyor” və “SSSR” markalı tomat pastalarıdır. Bu pastaların tərkibi xərçəng xəstəliyinə səbəb olur.

Musavat-ın mağazalarda  apardığı müşahidə zamanı bu təhlükəli məhsullara rast gəlinib.
Rusiyada istehsal olunan “Senyor” və “SSSR” markalı tomat pastası məhsullarının tərkibində pomidorla yanaşı, insan orqanizmi üçün təhlükəli benzoy və sorbat turşuları, şəkli dəyişdirilmiş kartof nişastası və natrium benzonat var. Bu məhsullar xörək hazırlanan zaman temperaturun yüksəlməsi nəticəsində xərçəng yaradan maddəyə çevrilir. Görünür ki, kimlərisə insanların səhhəti yox, ciblərini doldurmaq düşündürür.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bu cür tomatların insanları tədricən zəhərlədiyini dedi: “Bu tomat pastalarının istehsalçısının özü etiraf edir ki, məhsula nələri qarışdırıb. Bunu tomat pastasının üzərində qeyd edir. Bütün dünyada, bütün zamanlarda istehsalçılar adətən zərərli qatqıları gizlədirlər. Əgər istehsalçı bu tomat pastalarının üzərində zərərli maddələri qeyd edibsə, demək ki, doğrudan da insan həyatı üçün bu, arzuolunmazdır. Ümumiyyətlə, Azərbaycanda həddindən artıq anormal vəziyyətdir. İstehsal edilən kütləvi konservləşdirilmiş hər bir malın üzərində arzuolunmaz maddələr olur. Lakin onların müəyyən norması olur. Düşünürəm ki, o malların üzərinə normaya uyğun maddələr vurublar. Ancaq o maddələr insanları tədricən zəhərlənməyə məruz qoyur. Dünyanın mübarizə apardığı bir çox qidalar var ki, Səhiyyə Nazirliyi onların satışına icazə verir. Bu tomatların satışına da Səhiyyə Nazirliyi icazə verib. Yəni biznes üçün qurulmuş rahat şəraitdən sui-istifadə olunur və ölkənin əmtəə bazarı sürətlə çirklənir”.
Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov isə ən yaxşı və zərərsiz tomat pastasının ev üsulu ilə hazırlanmış tomat pastaları olduğunu dedi: “Əvvəllər pomidoru əzib duzlayıb qatılaşdırıb bağlayırdılar. Dədə-babadan belə etmişik və nə qədər desən saxlamaq olurdu. Satışda olan tomatların tərkibinə nələr əlavə etdiklərini bilmirəm. Çünki mən o sahə üzrə mütəxəssis deyiləm. Əgər aldığınız tomat pastası qıcqırıbsa, onu atmaq lazımdır. Onu yenidən qaynadanda ola bilər ki, bəzi mikroblar ölsün. Amma orada kimyəvi  maddələr əmələ gəlir. Axı mən o hazır tomatların içərisinə hansı qatqıların vurulduğunu bilmirəm. Ona görə də ola bilər ki, bu tomatlar qıcqıran zaman qaynatmaq kimyəvi maddələrin əmələ gəlməsinə səbəb olsun. Bir vaxtlar pomidordan nə qədər insan zəhərlənib ölmüşdü. Yəni hər şey ola bilər. Ona görə də yaxşı olar ki, xarab olmuş məhsulu yenidən istifadə etməsinlər, atsınlar. Amma dədə-babadan pomidoru əzib və ya əzmədən bağlayıb saxlamağın üsulu var. Onları bankaya yığıb strelizə edib bağlayırlar. Bu pomidorlar illərlə xarab olmadan qalır. Amma zavodlarda bunu necə edirlər bilmirəm. Evdə indi il boyu təzə pomidor olur. Çox adam tomatdan o qədər də istifadə etmir. Məncə, restoranlarda tomatdan çox istifadə etməməlidirlər. Çünki təzə pomidorlar var. Tomat pastasından istifadə etmək gərəkli də deyil. Əvvəllər əti qaxac edirdilər. Bu hələ də bəzi rayonlarımızda qalıb. Əvvəl soyuducu yox idi, indi var. Çalışmaq lazımdır ki, hər şeyin təzəsi yeyilsin. Ev şəraitində bağlanan pomidorun qıcqırıb-qıcqırmaması da evdə onu bağlayan xanımın bacarığından, duzu necə vurmasından asılıdır. Burada həm də pomidorun yetişkənliyi, düzgün əzilməsi də mühüm rol oynayır”.
Bu tomatların tərkibindəki zərərli maddələrin insan səhhətinə təsirinə gəlincə isə tibb elmləri doktoru, professor Adil Qeybulla bu maddələrin xərçəng xəstəliyinə səbəb olacağını dedi: “Konsegen turşularına aid olan bütün maddələr xərçəng xəstəliyi yarada bilər. Amma bu tomat barədə yayılan xəbərlərin nə dərəcədə reallığı əks etdirdiyini deyə bilmərəm. Əgər belə bir şey varsa, bu müəyyən səviyyədə qaldırılmalıdır və məsul olan qurumlar, epidemioloji mərkəzləri məsələni araşdırmalı, lazımı, ölçü götürməlidirlər. Həmin maddələrin konsorogen olması haqqında birmənalı olaraq deyə bilərəm bu, xərçəngə səbəb olur. Ümumiyyətlə, bir çox qidalara qida əlavəsi qatılır ki, o uzun müddət qalsın. Bu qida əlavələri təhlükəsiz olmalıdır. Yəni qidaya dad, xüsusi rəng verən, onu xarab olmağa qoymayan maddələr qida əlavələridir. Onların keyfiyyət parametrlərinin yüksək olması çox mühüm şərtdir. Ona görə ki, bu maddələrin konsorogen və başqa neqativ təsirləri olmamalıdır”.
Qeyd edək ki, mağazadan tomat pastası alarkən onun qapağını açmadan keyfiyyətli və ya keyfiyyətsiz olduğunu müəyyən etmək olar. Əvvəla, tərkibində qatqılar olan tomat məhsulları keyfiyyətli mallarla müqayisədə xarici görkəmləri ilə seçilirlər. Məsələn, zərərli qatqılarla qablaşdırılmış tomatların rəngi bir qədər tünd, qatılığı isə az olur (tərkibindəki quru maddələrin 25 faizdən aşağı olması səbəbindən). Üstəlik, tərkibi nişasta ilə dolu olan tomatların qabını açdıqdan sonra qapağın altında kifə oxşar maye diqqəti cəlb edir. Bu, əslində məhsulun tərkibində nişastanın, qatqı maddələrinin normadan çox olduğunu göstərir.
 

Şərhlər

Çox oxunanlar