Fransız-Azərbaycan Universitetinə qəbul imtahanı keçirilib
27.07.2016 16:07 Sosreaksiya 984
Bu gün Azərbaycan Dövlət Neft və Sənaye Universitetində yeni yaradılan Fransız-Azərbaycan Universitetinə (UFAZ) qəbul imtahanı keçirilib.
Milli.Az Trend-ə istinadən bildirir ki, imtahan prosesini təhsil nazirinin müavini Ceyhun Bayramov, KİV nümayəndələri izləyib. 2 saat davam edən imtahanda Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən I ixtisas qrupu üzrə 500 və daha çox bal toplayan 303 tələbə iştirak edir.
Qəbul 4 ixtisas üzrə - kimya mühəndisliyi, kompüter elmləri, geofizika mühəndisliyi, neft kəşfiyyatının və istismarının cihazqayırması ixtisası üzrə aparılır.
İmtahan fizika (testlə), kimya (testlə), riyaziyyat (testlə), ingilis dili (esse) fənləri üzrə Azərbaycan və rus dillərində aparılır. Abituriyentlər riyaziyyat, kimya, fizika və ümumi biliklər bloku üzrə hər birindən 10 test sualını cavablandırıb, ingilis dilindən isə 2 esse yazıblar. İmtahan nəticələri iyulun 29-da açıqlanacaq.
2016-2017-ci tədris ili üçün UFAZ-da hər bir ixtisas üzrə 30 dövlət sifarişli və 10 ödənişli olmaqla 160 tələbənin təhsil alması nəzərdə tutulur.
Tədris tamamilə qeyd olunan fransız proqramına əsaslandığına görə UFAZ-ın məzunları sonda müvafiq olaraq iki diplomla təmin olunacaq, yəni həm Strasburq Universitetinin, həm də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin diplomunu alacaqlar. Bütün ixtisaslar üzrə tədris 4 il (1 il hazırlıq + 3 il əsas tədris müddəti) olmaqla ingilis dilində aparılacaq. Tədrisin ADNSU-da aparılması nəzərdə tutulur.
Şərhlər